BAKI, TurkicWorld
ABŞ Prezidenti Donald Trampın yeni ticarət tariflərini elan etməsi dünya birjalarında ciddi dalğalanmalara səbəb olub, texnologiya nəhəngi Apple-ın səhmləri kəskin ucuzlaşıb.
TurkicWorld xəbər verir ki, şirkət cəmi bir neçə saat ərzində 250 milyard dollardan çox dəyər itirib.
Nyu-York Birjasında Apple-ın səhmləri 8,5 faiz ucuzlaşaraq bazar dəyərinin 3,37 trilyon dollardan 3,12 trilyon dollara düşməsinə səbəb olub. Yeni tariflər Apple-ın Çin, Tayvan, Hindistan və Vyetnamdakı istehsal mərkəzlərinə və təchizat zəncirinə birbaşa təsir edəcək.
Qeyd edək ki, Apple məhsullarının 90 faizdən çoxu Çində istehsal olunur və bu məhsullar ABŞ-a ixrac edilərkən 54 faizə qədər gömrük rüsumuna məruz qalacaq. Vyetnam və Hindistan istehsal edilən bəzi Apple məhsullarına müvafiq olaraq 46 və 26 faiz əlavə rüsumlar tətbiq ediləcək.
Bununla belə, Tayvandan gətirilən yarımkeçiricilər yeni tariflərdən azad edilib ki, bu da Apple-ın TSMC ilə əməkdaşlığını qoruyur. Lakin Avropa İttifaqından idxala tətbiq ediləcək 20 faizlik yeni vergi Apple-ın Hollandiyadakı ASML çip istehsalçısı ilə əməkdaşlığını çətinləşdirə bilər.