Son dəqiqə

İran ABŞ Tehran Donald Tramp Vaşinqton nüvə silahı Abbas Arakçi

ABŞ-la birbaşa danışıqlara getməyəcəyik - İran

BAKI, TurkicWorld

İranın Xarici İşlər Naziri Abbas Arakçi bildirib ki, nüvə sazişi ilə bağlı şərtlər dəyişdirilmədiyi təqdirdə, Tehran Vaşinqtonla birbaşa danışıqlara getməyəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana nüvə danışıqlarına qayıtması üçün iki aylıq müddət verməsi və eyni zamanda İranı Yəməndəki Husi hücumlarında ittiham etməsi Tehran tərəfindən sərt reaksiya ilə qarşılanıb.

İranlı nazir bildirib ki, 2015-ci il nüvə sazişi (Birgə Hərtərəfli Fəaliyyət Planı - JCPOA) indiki formasında bərpa oluna bilməz və bunun İranın maraqlarına uyğun olmadığını vurğulayıb. Lakin o, razılaşmanın gələcək danışıqlar üçün bir model ola biləcəyini də qeyd edib.

Arakçi vurğulayıb ki, İran Vaşinqtonla yalnız dolayı yollarla danışıqlar aparmağa üstünlük verir və bunun inadkarlıq deyil, tarixi təcrübəyə əsaslanan bir mövqe olduğunu bildirib.

İranın əsas prioritetinin ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsirini zərərsizləşdirmək olduğunu bildirən Arakçi, İranın müharibə istəmədiyini, lakin buna tam hazır olduğunu və qorxmadığını bəyan edib.

Mövzuya görə xəbərlər