Bakı, TurkicWorld
Şimali Koreya ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə sərt reaksiya verərək, bu vəziyyətin yeni dünya müharibəsinə yol aça biləcəyi barədə xəbərdarlıq edib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Koreyanın martın 10-20-də keçirdiyi "Azadlıq Qalxanı" təlimlərinin "hərbi təxribat" olduğunu bildirib.
Nazirlik bəyan edib ki, bu təlimlər yalnız Şimali Koreyaya qarşı deyil, bütün Asiya-Sakit okean regionunda ABŞ-ın hərbi üstünlük əldə etmək cəhdinin bir hissəsidir.
Bəyanatda qeyd olunub ki, "düşmən qüvvələrin hərbi təşəbbüsləri təhlükəli həddə çatıb" və xüsusilə martın 17-20-də keçirilən xüsusi döyüş təlimi Şimali Koreyanın yeraltı tunel şəbəkəsini məhv etməyi hədəfləyib. Şimali Koreya NATO ölkələrinin də bu prosesdə iştirak etdiyini vurğulayaraq, "Koreya yarımadasında baş verəcək hərbi münaqişənin yalnız ABŞ və Şimali Koreya arasında məhdudlaşmayacağını, daha geniş miqyaslı müharibəyə çevrilə biləcəyini" - deyə iddia edib.
Xarici İşlər Nazirliyi bəyan edib ki, regional sabitliyi pozan bu cür təhlükəsizlik mühiti Şimali Koreyanı hərbi müdafiə qabiliyyətini daha da gücləndirməyə məcbur edir. "Heç kimin dayandıra bilməyəcəyi nəhəng bir hücum gücünə sahib olmaq müharibənin qarşısını almağın və hər cür təhdid və şantajın qarşısını almağın ən etibarlı yoludur." - deyə bildirilib.
Xatırladaq ki, ABŞ və Cənubi Koreyanın keçirdiyi "Azadlıq Qalxanı" təlimləri Vaşinqton-Seul alyansının hərbi müdaxilə imkanlarını gücləndirmək məqsədi daşıyır. Şimali Koreya isə bu təlimlərin bölgədə gərginliyi artırdığını və təhlükəsizlik riski yaratdığını iddia edir.