Bakı, TurkicWorld
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hökumətin qənaət tədbirləri çərçivəsində minlərlə mülki işçini ixtisar etməyə hazırlaşır.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, hökumətin səmərəlilik təşəbbüsləri çərçivəsində Hökumətin Səmərəliliyi Departamenti (DOGE) tərəfindən Pentaqonda böyük ixtisarlara başlanılacaq.
Mənbələrə görə, Pentaqon qurumlarına hələ sınaq müddətini tamamlamamış işçilərin siyahısını təqdim etmələri tapşırılıb. Bu qənaət tədbirləri geniş şəkildə həyata keçirilərsə, Pentaqonun minlərlə mülki işçisi işini itirə bilər.
ABŞ Müdafiə Nazirliyi 840 milyard dollarlıq büdcəsi ilə ölkənin ən böyük federal qurumlarından biridir və burada təxminən 950 min mülki işçi, o cümlədən veteranlar çalışır.
Qeyd edək ki, Prezident Donald Tramp bazar günü, fevralın 9-da Fox News-a müsahibəsində Pentaqonda xərclərin optimallaşdırılması ilə bağlı, "Gəlin ordunu araşdıraq. Biz milyardlarla, yüz milyardlarla dollarlıq korrupsiya və sui-istifadə hallarını tapacağıq. Bilirsinizmi, xalq məni məhz bunu etmək üçün seçdi." - deyə bildirib.
Fevralın 11-də Almaniyanın Ştutqart şəhərinə səfəri zamanı ABŞ-ın müdafiə naziri Pete Hegseth da Pentaqondakı israfçılıq və lazımsız işçi sayının azaldılması üçün tədbirlər görüləcəyini təsdiqləyib.
ABŞ hökuməti Müdafiə Departamentindən sınaq müddətində olan işçilərin siyahısını fevralın 18-nə qədər təqdim etməyi tələb edib.