Son dəqiqə

Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakıda Biznes Liderləri Zirvəsi Biznes Liderləri Zirvəsi

Bakıda Biznes Liderləri Zirvəsi keçirildi: Liderlik, innovasiya və süni intellekt əsas müzakirə mövzuları oldu

BAKI,TurkicWorld

Bakıda biznes ictimaiyyətinin aparıcı nümayəndələrini bir araya gətirən Biznes Liderləri Zirvəsi uğurla başa çatıb. İyunun 23-də “The Ritz-Carlton Baku” hotelində keçirilən tədbir ölkənin biznes mühitinin tanınmış simalarını, şirkət rəhbərlərini, sahibkarları və müxtəlif sahələri təmsil edən peşəkarları eyni platformada birləşdirib.

“Facemark” və “FutureBright” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə keçirilən zirvə liderlik, strateji inkişaf, innovasiya və müasir biznes mühitində effektiv idarəetmə mövzularında fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayıb. “Qarada qırmızı” konsepsiyası əsasında təşkil edilən tədbirdə 300-dən çox iştirakçı iştirak edib.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və “Speaker Agency” şirkətinin təsisçisi Esin Kasa çıxış ediblər.

Çıxışlarda ölkədə sahibkarlığın inkişafı, liderliyin müasir biznes mühitində rolu, beynəlxalq təcrübənin tətbiqi, innovativ yanaşmaların əhəmiyyəti və biznes ekosisteminin gələcək inkişaf perspektivləri ilə bağlı fikirlər səsləndirilib.

Zirvə “Times Consulting” şirkətinin qızıl sponsorluğu, Sabancı Universiteti və Sabancı Universitetinin İcraçı İnkişaf Bölməsinin akademik sponsorluğu, “Markup Agency”nin dəstəyi, ASAN İnnovativ İnkişaf Mərkəzinin təlim və inkişaf tərəfdaşlığı, həmçinin “Networking Azerbaijan” platformasının tərəfdaşlığı ilə təşkil olunub.

Tədbirdə beynəlxalq səviyyədə tanınan ekspertlər və mütəxəssislər çıxış edərək qlobal biznes mühiti, liderlik və texnoloji transformasiya sahələrində aktual mövzulara toxunublar.

Qlobal Siyasət Forumunun akademik koordinatoru və Özyeğin Universitetinin beynəlxalq münasibətlər üzrə müəllimi professor Evren Balta “Yeni xəritələr, yeni qaydalar: Liderin geosiyasi kompası” mövzusunda təqdimatla çıxış edib. O, qlobal siyasi və iqtisadi dəyişikliklərin liderlər qarşısında yaratdığı yeni çağırışlardan danışaraq qərarvermə prosesində geosiyasi baxışın əhəmiyyətini vurğulayıb.

Harvard Business Review Türkiyə nəşrinin baş redaktoru Serdar Turan “Dəyişən dünyada strateji liderlik” mövzusunda çıxış edərək qeyri-müəyyənlik şəraitində liderlərin strateji düşüncə tərzinin və çevik idarəetmə bacarıqlarının vacibliyini diqqətə çatdırıb.

Universum Türkiyənin rəhbəri və Evrim Kuran Consulting şirkətinin təsisçisi Evrim Kuran “Yeni nəsil liderlik” mövzusunda çıxışında gənc nəslin əmək bazarından gözləntiləri, təşkilatlarda dəyişən idarəetmə yanaşmaları və gələcəyin liderlik modelləri barədə fikirlərini bölüşüb.

Süni intellekt və marketinq transformasiyası üzrə ekspert Yüce Zerey “Süni intellektlə uyğunlaşmanın hansı mərhələsindəsiniz?” mövzusunda təqdimatla çıxış edərək bizneslərin rəqabət üstünlüyü əldə etməsində süni intellekt texnologiyalarının rolundan bəhs edib.

“FutureBright” Şirkətlər Qrupunun təsisçisi Akan Abdula isə “Süni intellekt və texnologiyanın biznesə təsiri” mövzusunda çıxışında innovasiya, rəqəmsal transformasiya və süni intellektin gələcəyin biznes modellərinin formalaşmasındakı əhəmiyyətini izah edib.

Sabancı Universitetinin Sənət və Sosial Elmlər Fakültəsinin müəllimi, universitetin Təməl İnkişaf Proqramının direktoru doktor Emre Erol qlobal dəyişikliklərin cəmiyyətlərə, təşkilatlara və liderlik yanaşmalarına təsiri ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.

Zirvənin moderatoru, “FutureBright” Şirkətlər Qrupunun Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva müzakirələrin dinamik və interaktiv formatda aparılmasını təmin edib. Sessiyalar zamanı iştirakçılar spikerlərə suallar ünvanlayaraq müxtəlif sahələr üzrə fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

Tədbir çərçivəsində liderlik, strateji idarəetmə, geosiyasi risklər, rəqəmsal transformasiya, süni intellekt, innovasiya və gələcəyin biznes modelləri ilə bağlı aktual məsələlər geniş şəkildə müzakirə olunub.

Biznes Liderləri Zirvəsi iştirakçılar üçün yeni biliklərin əldə edilməsi, beynəlxalq təcrübələrin öyrənilməsi, peşəkar əlaqələrin genişləndirilməsi və biznes dünyasının gələcək çağırışlarının müzakirəsi baxımından mühüm platforma kimi yadda qalıb.

Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA Biznes Liderləri Zirvəsinin rəsmi media tərəfdaşıdı.

Mövzuya görə xəbərlər