Bakı, TurkicWorld
ABŞ-ın paytaxtı Vaşinqtonda minlərlə insan prezident Donald Tramp administrasiyasına, xüsusilə də ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) direktoru İlon Maska etiraz edib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, etirazçılar Konqres binası qarşısındakı Union Meydanına toplaşaraq Tramp və Mask əleyhinə şüarlar səsləndirib, müxtəlif pankartlar qaldırıblar.
Aksiya “50 Dövlətdə 50 Nümayiş, 1 Hərəkat” mənasını verən 50501 adlı qrup tərəfindən təşkil edilib və Prezidentlər Günü münasibətilə “Kralın Yox Günü” adı altında keçirilib.
Etiraz zamanı “Heç kim Maskı seçməyib” və “Ması Marsa göndər” yazılmış pankartlar nümayiş etdirilib. Aksiya iştirakçıları “çevrilişi dayandırın” şüarları səsləndirərək, Tramp administrasiyasının siyasətlərinə qarşı çıxıblar.
50501 Hərəkatının yayımladığı bəyanatda etirazların “Tramp administrasiyası və onun müttəfiqlərinin anti-demokratik və qeyri-qanuni hərəkətlərinə cavab olaraq” təşkil edildiyi bildirilib.
“Tarixin kritik anında biz, Amerika xalqının səsinin eşidilməsini və Ağ Evin nüfuz və nəzarətinin texnoloji milyarder tərəfindən deyil, xalqın həqiqi iradəsi ilə idarə olunmasını tələb edirik”, – bəyanatda deyilir.
Hərəkatın məqsədinin Tramp administrasiyası tərəfindən işdən çıxarılan federal işçilərə dəstək olmaq və insan haqları, bərabərlik və ədalət uğrunda mübarizə aparmaq olduğu vurğulanıb.
50501 Hərəkatının etirazlarının fevralın 5-də başladığı və Oklahoma Siti, Tampa, Filadelfiya, Pitsburq, Annapolis, Orlando, Cincinnati və digər şəhərlərdə davam edəcəyi bildirilib.