Son dəqiqə

ABŞ meşə yanğınları

Los-Anceles yanğınları ABŞ tarixində ən bahalı təbii fəlakətdir

Bakı, TurkicWorld

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən yanğınlar ölkə tarixində ən bahalı yanğınlar ola bilər.

TurkicWorld xəbər verir ki, JPMorgan tərəfindən yayımlanan son təhlildə yanğınlardan yaranan iqtisadi itkilərin sürətlə artaraq 50 milyard dollara yaxınlaşdığı bildirilib.

JPMorgan-ın təhlilində qeyd olunur ki, bu yanğınlardan sığortalanmış itkilər 20 milyard dolları ötə bilər. Əgər yanğınlar nəzarət altına alınmasa, sığortalanmış itkilərin həcmi daha da arta bilər.

Analitiklər vurğulayıblar ki, bu rəqəm 2018-ci ildə baş verən "Camp Fire" yanğınından daha böyük zərərdir. Həmin yanğın nəticəsində sığortalanmış zərər təxminən 10 milyard dollar olmuşdu və bu, indiyə qədər ABŞ tarixində ən bahalı yanğın hadisəsi sayılırdı.

Kredit reytinq agentliyi Morningstar DBRS də Los-Ancelesdə baş verən yanğınların sığorta şirkətləri üçün böyük zərərlərə səbəb olacağını bildirib. Agentlik, "İlkin hesablamalara görə, yanğınların təsirinə məruz qalan əmlakların sayından asılı olaraq, ümumi sığorta itkiləri 8 milyard dolları keçə bilər." - deyə bildirib.

Yanğınların ən pisi Santa Monikadan Malibuya qədər olan ərazidə baş verir. Bu ərazi ölkənin ən bahalı daşınmaz əmlaklarının yerləşdiyi bölgədir. Orta hesabla bir evin dəyəri burada 2 milyon dolları ötür.

Los-Ancelesin Pacific Palisades bölgəsində isə su çənlərinin tükənmək üzrə olduğu bildirilir. Bu, yanğınsöndürmə əməliyyatlarını daha da çətinləşdirir.

AccuWeather tərəfindən yayımlanan hava proqnozu məlumatlarına əsasən, Kaliforniya yanğınlarının yaratdığı ümumi iqtisadi zərərlər və itkilər ilkin hesablamalara görə 52-57 milyard dollar arasında dəyişir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu yanğınlar Kaliforniyanın onsuz da kövrək olan sığorta bazarına ağır təzyiq göstərəcək.

Mövzuya görə xəbərlər