Son dəqiqə

İqlim dəyişikliyi Vanuatu

Dünyanın ən böyük iqlim davası Vanuatu Beynəlxalq Ədalət Məhkəməsində başlayıb

Bakı, TurkicWorld

Sakit okeanda kiçik ada dövləti olan Vanuatu, iqlim dəyişikliyinin yaratdığı təhlükələrə qarşı mübarizə məqsədilə Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində tarixi bir prosesə start verib.

TurkicWorld xəbər verir ki, işin əsas məqsədi, BMT-yə üzv ölkələrin iqlim dəyişikliyi ilə bağlı hüquqi öhdəliklərini müəyyən etməkdir.

Maraqlıdır ki, Beynəlxalq Ədalət Məhkəməsinin 80 illik tarixində bu qədər genişmiqyaslı iş ilk dəfədir ki, araşdırılır. Prosesə 100-dən çox ölkə və təşkilat yazılı bəyanatlarla qoşulub.İki həftə davam edəcək dinləmələrdə ölkələr və beynəlxalq təşkilatlar iştirak edir.

Son on ildə dəniz səviyyəsinin yüksəlməsi Vanuatunun yerləşdiyi bölgədə dünya orta göstəricisindən daha çox qeydə alınıb. Ölkə rəhbərliyi xəbərdarlıq edir ki, iqlim dəyişikliyinə qarşı tədbirlər görülməsə, Vanuatu gələcək 50 ildə yaşayış üçün yararsız hala düşə bilər.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı hüquqi məcburiyyət daşımır, lakin onun məsləhət xarakterli qərarları gələcək iqlim müzakirələri üçün baza yaradacaq.

Hüquq mütəxəssisləri hesab edir ki, bu qərar çirkləndirici ölkələr və şirkətlər üzərində ciddi sanksiyalar tətbiq edilməsinə zəmin yarada bilər.

Əgər məhkəmə, yüksək emissiya səviyyəsinə malik ölkələri istixana qazlarını məhdudlaşdırmağa məcbur edən qərar çıxararsa, bu, iqlim dəyişikliyinə qarşı əlavə tədbirlər görülməsi üçün təzyiqləri də artıracaq.

Mövzuya görə xəbərlər