Son dəqiqə

Mark Zukerberq Donald Tramp META

Tramp və Zukerberq iqtisadi görüş keçirib

Bakı, TurkicWorld

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo malikanəsində Meta-nın baş icraçı direktoru Mark Zukerberqlə axşam yeməyində görüşüb.

TurkicWorld xəbər verir ki, görüşdə Trampın gələcək planları və ABŞ-ın iqtisadi inkişaf strategiyaları müzakirə olunub.

Meta şirkətinin nümayəndəsi görüşün baş tutduğunu təsdiqləyib və Zukerberqin Trampın dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirib. Görüşdə Zukerberqin Trampın iqtisadi planlarına dəstək vermək niyyətində olduğu vurğulanıb.

Trampın yaxın müşavirlərindən biri olan Stiven Miller “Zukerberq Trampın milli yenilənmə planını dəstəkləmək istəyini ifadə edib. Onun bu addımı şəxsi maraqlarını və Meta-nın gələcəkdə ABŞ rəhbərliyi ilə münasibətlərini normallaşdırmaq istəyi ilə bağlıdır.” - deyə bildirib.

Qeyd edək ki, Tramp və Zukerberq arasında əvvəlki illərdə gərgin münasibətlər müşahidə olunub. 2021-ci ilin yanvarında ABŞ Konqresinə hücumdan sonra Facebook və Instagram Trampın hesablarını qeyri-müəyyən müddətə dondurmuşdu. Bu addım Trampın seçkilərin saxtalaşdırıldığı iddiaları və zorakılığa təhrik etmək ittihamları ilə əlaqələndirilmişdi.

Tramp isə həmin vaxt Zukerberqlə keçmiş görüşlərini yada salaraq, “Yenidən Ağ Evə gəldiyim zaman Zukerberq və həyat yoldaşı üçün nahar olmayacaq” sözləri ilə münasibətlərin pozulduğunu ifadə etmişdi.

Mövzuya görə xəbərlər