Son dəqiqə

BƏƏ Pavel Durov

BƏƏ Durovla bağlı Fransaya çağırış edib

Bakı, TurkicWorld

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Parisdə saxlanılan "Telegram"ın təsisçisi Pavel Durova bütün zəruri konsulluq xidmətlərindən istifadə imkanı verilməsini Fransadan tələb edib.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) məlumat yayıb.

BƏƏ XİN-dən qeyd edilib ki, Əbu-Dabi Durovun işini diqqətlə izləməyə davam edir.

"Birləşmiş Ərəb Əmirlikləri Fransa hökumətinə onu (Durovu - red.) təcili olaraq bütün zəruri konsulluq xidmətləri ilə təmin etmək tələbini təqdim edib", - məlumatda bildirilib.

Nazirlik, həmçinin vurğulayıb ki, vətəndaşların qayğısına qalmaq və onların maraqlarının mühafizəsi BƏƏ üçün əsas prioritetdir.

Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.

Maraqlıdır, dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır? Aİ hələ də açıqlama verməyib.

Bəs, ABŞ Dövlət Departamenti necə? Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutu qalmamışdı.

Bəli, "Telegram"da bır sıra məqamlar narahatedicidir. Amma insan hüquqları azadlıqlarına hörmət, biznes prinsiplərinə riayət olunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ən azından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və ya digər hadisəyə demokratiya və insan hüquqları kontekstində münasibət bildirməkdə haqsız sayılır.

Mövzuya görə xəbərlər