Son dəqiqə

İran ABŞ Co Bayden Donald Tramp

İran nüvə proqramı ilə bağlı müzakirələri davam etdirəcək

Bakı, TurkicWorld

İranda yeni hökumətin təşkili və yeni seçilən prezident tərəfindən elan olunan mövqelər əsasında İranın nüvə proqramı üzrə müzakirələr davam etdiriləcək.

TurkicWorld -in məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Reza Nəcəfi bu gün (22 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əsas məsələ qarşı tərəfin müzakirələrə hazır olmasıdır. ABŞ-də prezident seçkiləri və prezident Co Baydenin namizədliyini geri götürməsindən sonra ABŞ-nin siyasətinin hansı şəkildə olacağını gözləmək lazımdır.

Nəcəfi deyib ki, İran heç vaxt müzakirələri tərk etməyib və müzakirələri davam etdirməyə hazırdır.

Donald Trampın hakimiyyəti tərəfindən ABŞ-nin Hərtərəfli Birgə Fəaliyyət Planından çıxmasına və İrana qarşı sanksiyaların yenidən bərpa olunmasına toxunan iranlı rəsmi qeyd edib ki, nəticədə İran Hərtərəfli Birgə Fəaliyyət Planında nəzərdə tutulan müddəalardan istifadə edib və addımlar atmağa başlayıb.

Nazir müavini deyib ki, nüvə sazişində İran öz öhdəliklərini yerinə yetirib və onun yetirilməsinə sadiq qalıb. Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 15 hesabatı da təsdiq edir.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran 2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən həmin ilin İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla MAQATE-nin nəzarət mexanizmi 20-30% azalıb.

Mövzuya görə xəbərlər