Bakı, TurkicWorld
Mahmud Kaşğari öz yaradıcılığında həyatı haqqında çox az məlumat verdiyi üçün bu böyük alimin həyatı haqqında ətraflı məlumata sahib deyilik. Lakin onun yaradıcılığında və tarixi mənbələrdə və yerli araşdırmalardakı məlumatlar çərçivəsində onun həyatı ilə bağlı ortaya çıxan iki fərqli rəvayətlə qarşılaşırıq.
Kaşğarlı Mahmud 1008-ci ildə Barsqanda anadan olmuşdur. Mahmudun əcdadı “Samanilərdən Türk torpağını fəth edən” Əmir Nəsr Tigindir. Divanu lugati't-türkdə Nəsr Tigin olaraq adı çəkilən şəxs Maveraunnehir və Buxaranın fatehi olan Nəsr İliq Xandır (Arslan İliq Nəsr b. Əli). Tədqiqatçılar Mahmudun Qaraxanlılar nəslinə mənsub olması və ya sülaləyə yaxın yüksək əhəmiyyətli bir ailədən olması ilə bağlı həmfikirdir. Amma Kaşğarinin hamirlər deyə çağrıldığını nəzərə alan bəzi tədqiqatçılar onun Qaraxanlı şəhzadəsi olduğunu iddia edirlər.
Belə ki, Oğuzlar əmir yerinə həmir sözünü istifadə edirdilər. Araşdırmalara görə Kaşğari Qərbi Qaraxanlı xanlarından Buğraxan Məhəmməd Yağan Təkinin nəvəsi, Şahzadə Hüseyn Əmir Təkinin oğludur. Rəvayətlərə görə, Kaşğari anası Qaraxanlılar diyarının qabaqcıl alimlərindən olan Xoca Seyfəddin Büzürgvarın qızı Bübi Rəbiədir.
Anasının elmli biri olması Kaşğarinin təlim-tərbiyəsində ciddi təsiri olmuşdur. Təhsilinə Opalda başlamış, zəngin ailələrin uşaqlarının oxuduğu Kaşğardaki Həmidiyyə və Saciyyə mədrəsələrində davam etmişdir.
Kaşğari Mahmud ərəb və fars dillərini, eləcə də türk ədəbi dilini (Hakaniyə türkcəsi) yaxşı bilirdi. O, əsərində özünü “Dildə ən doğruyu bilənlərdən, ifadədə ən aydın olanlardan, zehni cəhətdən ən bacarıqlı, nəsil etibarı ilə ən köklü, ən yaxşı nizə atan türklərdən biri” kimi qələmə verir. Əsərindən öyrənirik ki, o, türk coğrafiyasını gəzib, onların ləhcələrini tədqiq edib öyrənib və türk dili ilə bağlı ən yüksək səviyyədə biliyə malik olub. Silahlardan yaxşı istifadə edə bilməsi onun yaxşı döyüş hazırlığı aldığını göstərir.
Şükrü Haluk Akalın onun Şərqi Qaraxanlılar nəslindən olduğunu bildirir. Akalın Kaşğarinin şəcərəsini belə verir: Abdülkərim Satuk Buğra xan, Süleyman xan, Əbu’l-Həsən Harun Kılıç Buğra xan, Yusuf Qədir xan, Muhamməd Buğra xan, Hüseyin b. Muhamməd Çağrı Tigin, Kaşğari Mahmud.
Nəsil şəcərəsinə daxil olan Abdülkərim Satuk Buğra Xan İslamı seçən ilk türk xaqanıdır. Onun Oğlu Süleyman Xan Satuk Buğra Xandır. Kaşqalı babasının babası Əbü'l-Həsən Harun Kılıç Buğra Xan 992-ci ildə Samanilərin mərkəzi olan Buxaranı ələ keçirdiyi üçün Buxaranın fathi kimi ad qazanmışdır. Yusif Qədir xan həm də Xotan fatehi kimi tanınır.
Babası Yağan Təkin səkkiz aylıq qısa bir səltənətdən sonra könüllü olaraq taxtını Kaşğarinin atası Hüseyn Əmir Təkinə (Hüseyin Çağrı Təkin) verir. Hüseyin Təkinin hakimiyyətə gəlməsinin şərəfinə ziyafətlər, əyləncələr təşkil edilir. Bu ziyafətdə Yağan Təkinin digər xanımı oğlu İbrahimi taxta çıxarmaq üçün şəhzadələr daxil digər ailə üzvlərini zəhərləyərək öldürür. Zəhərlənənlər arasında Kaşğari Mahmudun atası da var idi.
Bu hadisədən sonra Kaşqarlı Mahmudun həyatı 1072-ci ilə qədər yenidən qaranlıq olaraq qalır. Bundan sonraki hadisələr haqqında deyilənlərin ən çoxunun qaynağı olan Pritsaka görə, Kaşğari Mahmud ailəsinin sui-qəsd fəlakətindən sonra vətənini tərk etməli oldu və bundan sonra qaçaq həyatına davam etdi və təxminən bir müddət qonşu türk ölkələrində dolaşdı. On il sonra Bağdada gəldi və orada siyasi mühacir olaraq qaldı.
Lakin onu da qeyd edək ki, saray sui-qəsd hadisəsindən əvvəl və sonra da Qaraxanlılar ailəsində hakimiyyət uğrunda mübarizə gedirdi. Yaşadığı hadisələr Mahmud Kaşğarini siyasi həyat əvəzinə elm yoluna çıxarmış olmalıdır. Bu hadisənin həmişə türk toplumlarının dilini və məişətini öyrənməklə maraqlanan Mahmudu qüdrət, sultanlıq kimi istəklərdən uzaqlaşdıraraq elmə və tədqiqata yönəltməsi ehtimalı daha güclüdür.
Mahmud Kaşğari dövrünün klassik elmlərini ərəb və fars dillərini öyrənmişdi. Saciyə və Həmidiyyə mədrəsələrində təhsil aldıqdan sonra özünü türk dillərinin öyrənilməsinə həsr etmişdir. Bu məqsədlə Orta Asiyanı gəzərək Anadoluya, oradan da Bağdada gedir. Ömrünün on beş ilini türklərin yaşadığı vilayətləri, şəhərləri, tayfaları, dağları, çölləri gəzməyə, türk adət ənənəsini öyrənməyə həsr edir. Uzun illər türk xalqları arasında gəzib-dolaşdıqdan sonra gəldiyi Bağdadda Divani Lüğət-it-Türk əsərini tamamlamışdır.
1080-ci ildə vətəninə qayıdan Kaşğari Opalda qurduğu Mahmudiyyə mədrəsəsində müəllimlik etmiş, 1090-cı ildə doxsan yeddi yaşında orada da vəfat etmişdi.
Opaldakı türbədə mövcud olan Məsnəvi nüsxəsində Kaşğari Şəriət Məhkəməsi hakiminin möhürü ilə möhürlənmiş 10 rəcəb 1252 (21 oktyabr 1836) tarixli vəqf sənədindən övliya kimi tanınan Həzrəti Mollam Şəmsəddinin Qaşqarlı Mahmud olduğu anlaşılmış və məzarda dəfn edilənin də o olduğu ortaya çıxmışdır.
Əsərinin üzə çıxmasından bu yana, Divanının tədqiqində xeyli irəliləyiş əldə olunsa da, bu gün tərcümeyi halında veriləcək dəqiq məlumatlar sadəcə onun Barsqanda doğulması, 1057-ci ildə Bağdada getməsi və əsərini 1077-ci ildə Bağdadda yazmasından ibarətdir.
Böyük Səlcuqlu sultanı Məlikşahın arvadı Tərkən Hatunla Bağdada gələn türklər arasında böyük ehtimalla Kaşğari da var idi. O öz əsərini, ehtimal ki, 470/1077-ci ildə Bağdadda Abbasi xəlifəsi əl-Müktədi bi-Əmrilaha təqdim etmişdir.
Şərqi Türküstan, Qırğız, Türkmən və Qazaxların paylaşa bilmədiyi və öz mədəniyyətlərinə aid olduğunu iddia etdikləri Kaşğari Mahmudun Orta Asiya türklərindən hansına aid olması ixtilaflı məsələlərdən biridir. Türkoloq Radloffdan bu yana Kaşğarinin uyğur türklərinə aid olduğu iddia edilirdisə,bu gün özbək, qazax, qırğız türkmənlərinin də iddiaları ortaya çıxmaqdadı.
Türk xalqlarından bir çoxu hətta tatarlar da Mahmud Kaşğarinin yaradıcılığını öz şəxsiyyətləri kimi mənimsəmiş, ədəbiyyat tarixlərinə daxil etmişlər. Ən inandırıcı fikir isə əsərini yazdığı dilin və danışdığı ana dilinin doğulub boya-başa çatdığı Barsqan və İssık gölü bölgələrində məskunlaşan Tuhı (Türkeş) və Yağma türklərinin türkcəsi olması idi.
Qaşqarinin tərcümeyi-halı az olsa da, şəxsiyyətini, elmi səviyyəsini “Divanü lugati't-Türk” adlı böyük əsəri ilə anlamaq mümkündür.
Bununla belə, tərcümeyi halında olduğu kimi əsərində də müəyyən boşluqlar var. Nə zaman yazıldığı, belə bir əsəri ortaya çıxarma fikrinin nə zamana aid olduğu, həyatının hansı dönəminə aid olduğu, kitabı müqəddiməsində adını çəkdiyi xəlifəyəmi verdiyi yaxud sonra ki xəlifəyəmi yadaki əsər tək nüsxə olaraqmı qalıb, həmçinin xəlifəyə təqdim edilib-edilmədiyi haqqında doğru düzgün məlumat yoxdur.
Qaşqari yazdığı əsəri ilə türk tarixinin ədəbiyyatının, mədəniyyətinin, adət ənənəsinin öyrənilməsində xüsusi yer tutmuşdur. Onun yazmış olduğu divanı sadəcə lüğət adlandırmış olsaq əsərə layiqi dəyəri verməmiş olarıq. Ensiklopediya mahiyyətini daşıyan əsərdə türklərin mətbəxindən ədəbiyyatına qədər hər bir mövzuda məlumat tapa bilərik.