Bakı, TurkicWorld
İordaniya Hollandiyadakı ifrat sağçı millət vəkilinin Fələstin xalqına qarşı verdiyi açıqlamalara görə Hollandiya səfirini Xarici İşlər Nazirliyinə çağıraraq , etiraz notası verib.
TurkicWorld xəbər verir ki, bu barədə Hollandiya Xarici İşlər Nazirliyi açıqlama verib.
Məlumata görə, irqçi və islam düşməni olan partiya lideri Geert Vildersin açıqlamalarına görə Hollandiyanın Əmmandakı səfiri nazirliyə çağırılıb.
Səfirə təqdim edilən etiraz notasında “Hollandiya hökumətindən qarşılıqlı dostluq və hörmət münasibətlərinə zidd olan bu açıqlamaları təkzib edəcək aydın mövqe nümayiş etdirməsi” tələb edilib.
Vildersin bəyanatlarının heç bir dəyər və hüquqi təsiri olmadığı, beynəlxalq hüququ pozduğu və mübarizə aparılmalı olan irqçiliyi əks etdirdiyi bildirilib.
Sözügedən açıqlamalar, iyulun 17-də İsrail parlamentinin “Fələstin xalqının öz milli ərazisində müstəqil və suveren dövlət qurmaq haqqını” rədd etməsi ilə bənzər xüsusiyyətlər daşıyır.
Hollandiyada ifrat sağçı olan Vilders əvvəllər də dəfələrlə Fələstin xalqının hüquqlarını, xüsusən də müstəqil və suveren dövlət qurmaq hüququnu rədd edən açıqlamalar vermişdi.
Qeyd edək ki, İyulun 17-də İsrail parlamentində “Fələstin dövlətinin yaradılmasına qarşı çıxan” təklif qəbul edilmişdi.
Sözügedən təklifdə “Fələstin dövlətinin yaradılmasının İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradacağı” iddiası da yer almışdı.