Son dəqiqə

ABŞ Co Bayden

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bakı.TurkicWorld :

ABŞ vətəndaşlarının əksəriyyəti hesab edir ki, Demokratlar Partiyası prezident seçkilərinə ölkənin hazırkı lideri Cozef Baydenin əvəzinə başqa namizədlə getməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə məlumat "Morning Consult" tərəfindən aparılan və Axios portalı tərəfindən dərc olunan sorğunun nəticələrində yer alıb.

Məlumata görə, sorğuda iştirak edən seçicilərin 60 faizi Cozef Baydenin debatlarda zəif çıxışından sonra demokratik düşərgədən prezidentliyə namizədin mütləq dəyişdirilməli olduğunu düşünür. Respondentlərin 45 faizi isə hazırkı dövlət başçısını yenidən ABŞ-nin prezidenti kimi görmək istəyir. Eyni zamanda rəyi soruşulan amerikalıların 44 faizi respublikaçı Donald Trampı dəstəkləyib. Həmçinin, sorğu iştirakçılarının 57 faizi Trampın debatda Baydendən daha yaxşı çıxış etdiyini deyib.

Sorğuda Birləşmiş Ştatların təxminən iki minə yaxın sakini iştirak edib.

Xatırladaq ki, iyunun 27-də Corciya ştatının Atlanta şəhərində ABŞ tarixində ilk dəfə hazırkı və sabiq prezidentlər arasında seçkiöncəsi televiziya debatı keçirilib. CNN teleradio kompaniyasının apardığı sorğuya əsasən, debatı izləyən amerikalıların üçdə ikisi üstünlüyün Donald Trampda olduğunu söyləyib.

ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Tramp və Bayden mənsub olduqları partiyalar tərəfindən dövlət başçısı postuna namizəd kimi irəli sürülmələri üçün lazımi miqdarda nümayəndə səsini toplayıb. Partiyalar onların namizədliyini yay aylarının sonlarında təsdiqləməlidir.

Mövzuya görə xəbərlər