NATO Rusiya ilə qarşıdurmaya hazırlaşır - Rəsmi Moskva

NATO Rusiya ilə qarşıdurmaya hazırlaşır - Rəsmi Moskva

Bakı. TurkicWorld:

NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda aktivliyi Rusiya ilə mümkün münaqişəyə hazırlığa yönəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik buna misal olaraq NATO-nun Rumıniyada aviabazasını genişləndirməsini göstərib.

"NATO-nun bu kimi fəaliyyəti təxribat xarakteri daşıyır, sərhədlərimizin perimetri boyunca hərbi gərginliyi kəskinləşdirir, Rusiyanın təhlükəsizliyi üçün əlavə təhdid yaradır. Bütün bunlar blok üzrə müttəfiqləri ölkəmizlə potensial toqquşmaya hazırlamaq məqsədi daşıyır", - Rusiya XİN-in açıqlamasında deyilir.

Xatırladaq ki, bu yaxınlarda "Euronews" Rumıniyada NATO-nun ən böyük hərbi bazasının tikintisinə başladığı barədə məlumat yayıb.

Bazanın NATO-nun Rumıniyanın cənub-şərqindəki aviabazasının genişləndirilməsi hesabına yaradılacağı qeyd olunub. Rumıniya hökuməti bu məqsədlə 2,5 milyard avro vəsait ayırıb.

"2,5 milyard avro dəyərində layihəyə uçuş-eniş zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, eləcə də məktəblər, uşaq bağçaları, mağazalar və hətta xəstəxana da daxildir", - deyə məlumatda qeyd olunub.

Genişləndiriləndən sonra bazanın sahəsinin 2,8 min hektar olacağı bildirilib.