Niderlandda uşaqlar Fələstinə dəstək üçün Beynəlxalq Cinayət Məhkəməsinə yürüş ediblər

Niderlandda uşaqlar Fələstinə dəstək üçün Beynəlxalq Cinayət Məhkəməsinə yürüş ediblər

Bakı. TurkicWorld:

Niderlandda uşaqlar Fələstinə dəstək üçün Beynəlxalq Cinayət Məhkəməsinə (İCC) yürüş ediblər.

TurkicWorld-un məlumatına görə, nümayişçilər atəşkəsin bərpa edilməsi, müharibənin dayandırılması ilə bağlı şüarlar səsləndiriblər.

Nümayişin təşkilatçılarından biri olan Əndəlus Fondunun prezidenti Bilal Riani Qəzzada baş verənlərin müharibə deyil, soyqırım olduğunu bildirib.

"ICC öz işini görməli və soyqırımı araşdırmalıdır. Davamlı olaraq Ukrayna davasından danışanlar Fələstinə gəlincə susur. Doqquz min uşağın ölümünə səbəb olan müharibə ola bilməz, bu, soyqırımdır. İCC məsuliyyəti öz üzərinə götürməli və tədbir görməlidir” – deyə Riani qeyd edib.

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 21 min 110 nəfərə çatıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Hafiz Rufizoğlu