Bakı. TurkicWorld:
Memarlıq tarixinə adı qızıl hərflərlə yazılan görkəmli sənətkarlardan biri də Memar Sinandır. Türk-İslam memarlığına misilsiz töhfələr bəxş edən sənətkarın müəllifi olduğu tikililər nəinki orta əsrlər intibah dövrünün, eləcə də müasir dünya arxitekturasının tacı hesab edilir.
Memar Sinan (Sinanəddin Yusif Əbdulmənnan oğlu) 1489-cu ildə Anadoluda, Kayseri şəhəri yaxınlığındakı Ağrınəs kəndində anadan olub. Mənbələrdə onun mənşəcə yunan olduğu, gənc yaşında könüllü şəkildə İslam dinini qəbul etdiyi bildirilib. 1512-ci ildə hərbi xidmətə çağırılıb. Yeniçərilər korpusunda, sultan sarayında xidmət edib. Sonra memar-mühəndis təhsili alıb. Təhsilini başa vurduqdan sonra I Sultan Səlimlə birgə Rodos adasına hərbi yürüşdə olub. Daha sonra Avstriya yürüşünə qatılıb. Yürüş ərəfəsində Sinanəddinə kapitan rütbəsi verilib. Sultanı mühafizə edən piyada kadet korpusuna komandan təyin edilib. İştirak etdiyi yürüşlər içərisində Bağdad səfəri (1535) həyatında mühüm rol oynayıb. Sultanın mühafizə xidmətinin rəisi kimi Bağdadda, sonra isə Van gölü ətrafında aparılan inşaat işlərində yaxından iştirak edib.
Hərbi yürüşlər Sinanəddinin həyatında özünəməxsus iz buraxıb. O, müxtəlif xalqlara xas olan memarlıq məktəbi üslubları ilə yaxından tanış olub. İmkan düşdükcə onları mükəmməl öyrənib. Hərbi yürüşlərin birində gözlənilməz bir hadisə baş verib. Moldova yürüşü zamanı ona Prut çayı üzərindən körpü salınması tapşırılıb. Sultan bu işin mümkün qədər tez başa çatmasını istəyib. Sinanəddin dərhal işə başlayıb və körpü sultanın müəyyən etdiyi vaxtdan 7 gün tez, 13 günə hazır olub. Körpü o qədər davamlı və keyfiyyətli inşa edilib ki, Sultan Süleyman buna görə Sinanəddinə şəxsən təşəkkür edib.
Bundan sonra o, orduda Memar Sinan adı ilə tanınıb. 1538-ci ildə Qahirə şəhəri Osmanlı tərəfindən ələ keçirilib. Sultan Süleyman onu şəhərin baş memarı təyin edib. Ona şəhərin görünüşünə xələl gətirən binaları uçurmaq və yerində yenisini inşa etmək səlahiyyəti verib. Sultanın diqqəti memarlar arasında Sinanın şöhrətini daha da artırıb. O, daha sonra Osmanlı sarayının baş memarı təyin edilib. Bu vəzifədə Osmanlıda memarlığın yeni yüksəliş dövrünə qədəm qoymasına xidmət edən əvəzsiz işlər görüb. 40 il ərzində ölkənin hər yerində möhtəşəm memarlıq inciləri inşa etdirib. Yeni memarlıq məktəbinin əsası qoyulub.
Memar Sinan sarayın baş memarı təyin edilməsinə qədər üç möhtəşəm sənət abidəsi inşa edib. Onlardan biri Hələb şəhərindəki Xosroviyyə, Qəbzədəki Çoban Mustafa Paşa və İstanbuldakı Hürrəm Sultan kompleksləridir.
Hələbdəki Xosroviyyə kompleksində Sinanın özünəməxsus memarlıq üslubu nəzərə çarpıb. O, burada təkqübbəli camiyə daha bir qübbə əlavə edərək onu Osmanlı memarlığının İznik və Bursadakı ənənəvi memarlıq xüsusiyyətlərinə uyğunlaşdırıb. Eyni zamanda kompleksdə mədrəsə, hamam, qonaq evi tikdirib. Xosroviyyə bununla da bənzərsiz və yeni tipli bir memarlıq nümunəsi olub. Qəbzədəki Çoban Mustafa Paşa kompleksində isə rəngli daş qabartmalarından və xüsusi bəzəmələrdən istifadə edib. Kompleksdə məscid, türbə və digər binalar bir-birinə uyğun şəkildə inşa edilir. İstanbuldakı Hürrəm Sultan kompleksi də dövrün memarlıq nümunələrini tam şəkildə özündə əks etdirməkdədir.
Memarın İstanbulda inşa etdiyi möhtəşəm tikililərdən biri də Süleymaniyə camisidir. Qanuni Sultan Süleymanın əmri ilə inşa olunan və adı İslam memarlıq inciləri sıralarına daxil edilən məscid bu gün də möhtəşəmliyi ilə hər kəsi heyran edir. Memar İstanbulun su problemini həll edərkən Qırxçeşmə adı ilə tanınan su anbarının inşasında bəndlər, tunellər, su kəməri, su kanalları ilə su yığımı və paylaşdırılması arasında tarazlaşdırıcı bir vəhdət yarada bilib. Avropalı mütəxəssislər sonralar Sinanın bu təcrübəsindən təkrar-təkrar istifadə ediblər.
Memar Sinan ömrünün sonuna kimi irili-xırdalı 136 məscid, 57 mədrəsə, 7 məktəb və qiraətxana, 22 türbə, 17 imarət, 3 xəstəxana, 7 su kəməri, 8 körpü, 20 karvansara, 35 köşk və saray, 48 hamam inşa etdirib. Ümumilikdə, 350-dən artıq müxtəlif təyinatlı binanın inşasına rəhbərlik edib.
Ədirnə şəhəri o dövrdə Osmanlının Avropaya açılan qapısı idi. Bu səbəbdən şəhərdə İslam dünyasının əzəmətini əks etdirəcək bir məscidin inşasına ehtiyac duyulub. Məscidin bünövrəsi hündür təpələrdən birində qoyulub. Ömrünün müdrik dövrünü yaşayan memar, gələcək nəsillərə şah bir əsər yadigar qoymaq istəyirb və bu arzusuna çatıb. Məscidin inşası başa çatandan sonra o, bu barədə belə deyib: “İlk çırağımı İstanbuldakı Şahzadə məscidini inşa etməklə yandırdım. Ancaq məharətimi Süleymaniyə məscidinin inşasında göstərdim. Sultan Səlim məscidinin inşasına çox əmək sərf etdim. Ustalığımı, bir memar kimi nəyə qadir olduğumu burada sübut etdim”.
Səlimiyə məscidinin hündürlüyü 43,25 metrdir. Diametri isə 31,25 metr olan tək bir qübbə ilə örtülüb. Qübbə 8 sütuna dayanan bir sağanaq üzərində qurulub. Məscidin 4 tərəfində hər biri üç şərəfəli (azan oxunan yer) minarələr ucaldılıb. Minarələrin qübbəyə yaxın olması, məscidə bir möhtəşəmlik verib. O, Ədirnənin hər yerindən görünür. Məscidin daxili İznik çinilərlə bəzədilib. Böyük qübbənin tam altındakı mərmərlə süslənən padşah zalı 12 sütunludur. Onu da qeyd edək ki, məsciddəki insanı heyran qoyan çinilərin bir qismi Osmanlı-Rusiya müharibəsi (1877-1878) zamanı rus generalı Mixail Skobelev tərəfindan sökülərək Moskvaya aparılıb.
Sinan daim yaradıcılıq axtarışlarında olub. Memarlıqda yeni-yeni forma və üslublar kəşf edib. Bunu o dövrdə inşa etdirdiyi əksər türbələrdə tətbiq edib. Bir-birindən gözəl sənət inciləri meydana çıxarıb. Bu, onun rəhbərliyi altında İstanbulda inşa edilən Şahzadə Mehmet türbəsində öz təcəssümünü tapıb. Türbədə o dövr üçün qeyri-adi görünən dilimli günbəzdən istifadə edilir. Günbəzin səthi isə qeyri-adi şəkildə işlənir və bu da onun səthinə özünəməxsus bir gözəllik verib.
Sinanın mühəndislik qabiliyyəti inşa etdirdiyi körpülərdə də parlaq şəkildə üzə çıxıb. İnşasına rəhbərlik etdiyi Böyükçəkməcə körpüsü öz möhtəşəmliyi ilə yüz illər boyu insanları heyrətə salıb. 635,5 metr uzunluğu olan körpü Memar Sinanın bu sahədə şah əsəri hesab edilir.
İslam və xristian, Şərq və Qərb memarlıq üslublarını bacarıqla uzlaşdıran sənətkar yeni Türk-İslam memarlıq məktəbini yaradıb. Memar daim yaratdığı sənət əsərlərinin uzunömürlü olması qayğısını çəkib. İstifadə edilən bərkidici-yapışdırıcı inşaat materiallarının keyfiyyətinə xüsusi diqqət yetirib. Beləliklə də, istifadə ediləcək hər daşın, hər kərpicin bir-birini zərgər dəqiqliyi ilə bağlamasına nail olub. Bu da Memar Sinanın inşa etdirdiyi abidələrin bu günə gəlib çatmasına və beş əsrə yaxın öz möhtəşəmliyini qoruyub saxlamasında önəmli rol oynayıb. Buna görə də müasirləri onu orta əsr memarlığının şahı adlandırıb.
Memar Sinan 1588-ci ildə, ömrünün ixtiyar çağında İstanbulda vəfat edib.







