BAKI, TurkicWorld
Polşanın yeni seçilmiş prezidenti Karol Navrotski sağ təmayüllü siyasətçi, tarixçi və keçmiş boks çempionudur.
42 yaşlı Navrotski ABŞ Prezidenti Donald Tramp tərəfindən açıq şəkildə dəstəklənib və seçki kampaniyası dövründə Ağ Evdə Tramp ilə qısa görüş keçirib. ABŞ-ın Daxili Təhlükəsizlik Naziri Kristi Noem də Polşaya səfərində seçiciləri Navrotskiyə səs verməyə çağırıb.
Navrotski son illərdə Polşanın Milli Yaddaş İnstitutuna rəhbərlik edib. Onun rəhbərliyi dövründə Sovet Qırmızı Ordusuna aid abidələrin sökülməsi prosesi həyata keçirilib. Bu səbəbdən Rusiya Navrotskini axtarış siyahısına daxil edib.
Tərəfdarları onu “Polşa dəyərlərinin müdafiəçisi” hesab edir və ənənəvi, vətənpərvər prinsipləri təcəssüm etdirdiyini vurğulayırlar. Xüsusilə, LGBTQ məsələlərinə və sekulyar tendensiyalara qarşı çıxanlar Navrotski-yə dəstək verirlər.
Navrotski Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxır və Avropa İttifaqına skeptik yanaşır.
Bəzi məlumatlarda Navrotskinin kriminal keçmişi ilə bağlı ittihamlar yer alıb. O isə bu iddiaları rədd edir və yalnız “şərəfli döyüşlərdə” iştirak etdiyini bildirir. Sağçı seçicilər bu iddiaları siyasi motivli hesab edirlər.
Navrotski seçki kampaniyası dövründə katolik dəyərlərinə sadiqliyini önə çəkib, miqrasiya və Aİ-nin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə qarşı çıxıb.
Onun seçilməsi Baş nazir Donald Tusk hökumətinin Avropa İttifaqı ilə əlaqələri bərpa etmək planlarını çətinləşdirə bilər. Navrotskinin prezident olması Polşanın Aİ-dəki mövqeyinə və maliyyə əlaqələrinə mənfi təsir göstərə bilər.