Bakı. TurkicWorld:
Süleyman Dilbirliği 1 yanvar 1926-cı ildə Türkiyənin Kahramanmaraş vilayətində anadan olub. Onun hərbçi olmaq kimi niyyəti yox idi, lakin 25 yaşı olanda vaxtını boşa keçirmək istəmir və ordu sıralarına qatılır. O, əvvəlcə Kahramanmaraşda, daha sonra isə İskenderunda xidmət edir.
Gizir rütbəli S.Dilbirliği Şimali və Cənubi Koreya arasında başlayan müharibə səbəbi ilə 17 oktyabr 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının yardım çağırışı, general Tahsin Yazıcının komandanlığı ilə Türkiyədən Koreyaya gedir. O, 5 min 90 nəfərlik briqadanın əsgərlərindən biri idi.
Müharibə nəticəsində Koreya ikiyə bölünmüş, cənubda Demokratik Koreya, şimalda isə Koreya Kommunist Xalq Respublikası qurulmuşdu. Türkiyə müharibə səbəbilə Koreyaya hərbi yardım edən ölkələrdən biri idi.
S.Dilbirliği baş verən müharibə nəticəsində həm anasını, həm atasını itirən 5 yaşlı Kim Eunja adlı koreyalı qızı ölümdən xilas edir, özü ilə bölüyə aparır və o gündən qıza öz uşağı kimi baxmağa başlayır.
Uşağın adını tələffüz etmək bütün əsgərlər üçün çətin idi və S.Dilbirliği ona “üzü aya bənzəyən” Ayla adını verir.
Ayla bir müddət sonra türk dilini də öyrənir. O, hər gün əsgərlərlə oyun oynayır, S.Dilbirliğini öz atası bilirdi.
S.Dilbirliğinin olduğu komanda Koreyada bir il qaldı, daha sonra yeni yardım qoşunu Türkiyədən Koreyaya yola düşdü. Artıq Dilbirliği üçün qayıtmaq vaxtı idi. O, Aylanı da özü ilə Türkiyəyə gətirmək istəyirdi, lakin qanunlar buna icazə vermirdi. Türkiyəyə qayıdan Dilbirliği 60 il Ayladan xəbər ala bilmir.
Gizir Koreya Baş Konsulluğunda müharibənin 60-cı ildönümü münasibətilə təşkil edilən tədbirdə iştirak edir və digər qazilər kimi o da müharibə ilə bağlı xatirələrini bölüşür. O, tədbirdə Ayla ilə bağlı uzun-uzun danışır. Ayla Koreya rəsmilərinin diqqətini çəkir və S.Dilbirliğindən Aylanın şəklini istəyirlər.
Koreya rəsmiləri Aylanı tapır və 60 il sonra 2010-cu ildə S.Dilbirliği, həyat yoldaşı Demet Dilbirliği və Aylanın Seulda Ankara parkında görüşü baş tutur. O gündən sonra ata və mənəvi qızı hər gün məktublaşmağa başlayır. Ayla məktublarında “Yaxşı bir atanın qızı olduğum üçün xoşbəxtəm. Atam türk olduğu üçün özümlə fəxr edirəm”, – deyə yazırdı.
Onların son görüşü 2017-ci ildə Süleyman Dilbirliğinin müalicə aldığı xəstəxanada baş tutur.
S.Dilbirliği 2017-ci il dekabr ayının 1-də tənəffüs çatışmazlığı səbəbindən vəfat edib.
Ləman Əsədli
Lamanasadli01