Son dəqiqə

Kim kimdir?

Türkan Akyol kimdir?

Bakı. TurkicWorld:

Türkiyənin ilk qadın naziri Türkan Akyol 1928-ci il oktyabrın 12-də İstanbulda anadan olub. Orta təhsilini İstanbulda Erenköy Qız Liseyində tamamlayan T. Akyol ali təhsilini Ankara Universiteti Tibb Fakültəsində davam etdirib.

1953-cü ildə Tibb Fakültəsini bitirdikdən sonra ilk olaraq həmin fakültənin Döş qəfəsi xəstəlikləri kafedrasında assistent olaraq işləməyə başlayan Akyol 1965-ci ildə dosent, 1970-ci ildə isə professor elmi dərəcələrini alıb.

O, Fransa və Hollandiyada işləmək üçün təqaüd qazandıqdan sonra 1959-1962-ci illərdə Nyu Yorkdakı Albert Eynşteyn Tibb Kollecində tənəffüs fiziologiyası ilə yaxından maraqlanıb.

T. Akyolun Türkiyədə on minlərlə həkim və mütəxəssisin yetişməsində böyük rolu olub.

Onun Ankara Universitetində akademik fəaliyyətlərlə yanaşı, siyasətdə də mühüm rolu olub.

Belə ki, o, 1971-ci il martın 26-da Türkiyənin ilk qadın naziri seçilib. Səhiyyə və Sosial Yardım Naziri vəzifəsinə təyin edilən Akyol 13 dekabr 1971-ci ildə tutduğu vəzifədən istefa verib.

O, 1980-ci ildə Ankara Universitetinə təyin edilən ilk qadın rektor olub və 1982-ci ilə qədər bu vəzifədə çalışıb.

T. Akyol 1987-ci ildə keçirilən millətvəkili seçkilərində İzmirin millətvəkili seçilir və daha sonra yenidən akademik fəaliyyətə qayıdır.

Ankara Universitetinin ilk qadın rektoru, Türkiyənin ilk qadın naziri Akyol 2017-ci il sentyabrın 7-də 89 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər