Aliya İzzetbeqoviç kimdir?

Aliya İzzetbeqoviç kimdir?

Bakı. TurkicWorld:

Aliya İzzetbeqoviç 8 avqust 1925-ci ildə Bosniya və Herseqovinanın Bosanski Samac şəhərində anadan olub. Hələ üç yaşında ikən ailəsi ilə birlikdə Sarayevoya köçən və təhsilini orada davam etdirən Aliya gənclik illərində ölkədə müsəlman əhaliyə, ayrı-seçkiliyə qarşı üsyan edən adlar arasında olub.

İkinci Dünya Müharibəsi illərində Xorvatiyadakı faşist Ustaşa rejimi Bosniya və Herseqovinanı ilhaq etdi və bu ərazidə Müstəqil Xorvatiya Dövlətini qurdu. Ölkədəki müsəlmanlar xorvat elan edilərkən, yəhudilər, serblər və romanlar böyük təqiblərə məruz qaldılar. İslamı qəbul edən bosniyalılar və rejimlə razılaşmayan xorvatlar da bu zülmdən əziyyət çəkirdilər. Digər tərəfdən, irqçi serblərin yaratdığı çetnik hərəkatı fəaliyyət göstərdiyi bölgələrdə müsəlman boşnakları qırmağa başladı. Çetniklərin əsas məqsədi bütün qeyri-serbləri bölgədən tamamilə təmizləmək idi.

Yuqoslaviya Krallığı dövründə Aliya “Gənc Müsəlmanlar”ın görkəmli simalarından biri olub, əsas məqsədi ölkədəki müsəlman bosniyalıları dini və milli məsələlərlə bağlı məlumatlandırmaq olub. Bu formalaşma müsəlmanların ölkədəki digər etnik və dini qruplarla bərabər hüquqlar əldə etməsinə, eyni zamanda çetniklər tərəfindən dağıdılmış müsəlman evlərinin və məscidlərinin bərpasına çalışmaq məqsədi daşıyırdı. Müharibədən sonra qurulan Yuqoslaviya Federativ Xalq Respublikası faşizm üzərində qələbə qazansa da, müsəlman bosniyalıların dini və milli məsələlərdə problemlərini həll edə bilmədi. “Gənc Müsəlmanlar” təşkilatının bəzi üzvləri, o cümlədən Aliya 1946-cı ildə “dini maarifləndirmə” fəaliyyətinə görə həbs edilib. Aliya üç il müddətinə azadlıqdan məhrum edilib.

Aliya həbsdən çıxandan sonra əvvəlcə kənd təsərrüfatı fakültəsinə daxil olur, iki ildən sonra isə hüquq fakültəsinə qəbul olaraq buradan məzun olur. 1949-cu ildə ilə ailə quran Aliyanin Leyla, Səbinə və Bəkir adlı üç övladı dünyaya gəlib. Yuqoslaviyada marksist-leninist baxışlı İosip Broz Titonun başçılığı ilə insan haqları uğrunda mübarizəsini davam etdirən Aliya kimliyini açıqlamadan “Preporod”, “Təqvim”, “Qlasnik” kimi qəzet və jurnallarda məqalələr yazır. Aliya övladlarının baş hərflərindən ibarət “LSB” təxəllüsü ilə yazılarını dərc edirdi.

İslam dünyasındakı vəziyyətlə də yaxından maraqlanan Aliya 1960-cı illərdə yazmağa başladığı “İslam bəyannaməsi” əsərini 1970-ci ildə nəşr etdirib.

1980-ci ildə Titonun ölümü ilə Yuqoslaviyada ultra-millətçi ritorika yenidən gündəmə gəldi. Aliya İzzetbeqoviç 1983-cü ildə "Şərqlə Qərb arasında İslam" əsərinin nəşrindən bir qədər əvvəl 12 müsəlman ziyalısı ilə birlikdə həbs edilir. Aliya və digər müsəlman ziyalıları mütəşəkkil təşkilat yaradaraq düşmənçilik fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilindilər. Aliya “İslamın Bəyannaməsi” kitabındakı ifadələrinə görə mühakimə olunur və 14 il müddətinə azadlıqdan məhrum edilir. O, həbsxanada olarkən də yazmağa davam edir və “1983-1988” əsərini burada yazıb.

Aliya 1988-ci ildə əfv edilərək həbsdən çıxır. Aliya İzzetbeqoviç 1990-cı ildə yaradılan və bu gün Bosniya və Herseqovinada bosniyalıların ən böyük partiyası olan Demokratik Fəaliyyət Partiyasının (SDA) ilk lideri seçilir. SDA ilk çoxpartiyalı seçkidə ölkədə ən çox səsi qazanır və Aliya Yuqoslaviyanın altı sosialist respublikasından biri olan Bosniya və Herseqovinanın prezidenti seçilir.

1990-cı ilin əvvələrində Bosniya müharibəsi zamanı Yuqoslaviya parçalanmağa başladı. 1991-ci ildə Yuqoslaviya Xalq Ordusu (JNA) Sloveniyada qarşıdurmalara səbəb olarkən, qısa müddət sonra Xorvatiyada münaqişələr başladı. Qarşıdurmalar 1991-ci ildə Bosniya və Herseqovinanın Ravno və Popovo kəndlərinə qədər yayıldı. Yuqoslaviyanın parçalanması ilə Bosniya və Herseqovinada da müstəqillik məsələsi ön plana çıxdı.

29 fevral-1 mart 1992-ci ildə Müstəqillik referendumu keçirildi. Bosniya serblərinin əksəriyyətinin boykot etdiyi referenduma qatılanların 99,7 faizi müstəqil Bosniya və Herseqovinaya "hə" dedi. Referendumdan sonra JNA və onun silahlandırdığı paramiliter serb qrupları Bosniya və Herseqovinanın müxtəlif şəhərlərində hücumlara başlayıb.

Bosniyalılar Aliyanın rəhbərliyi altında müstəqillik mübarizəsi aparırdılar. Serb paramiliter qrupları qadın və uşaqlar da daxil olmaqla dinc əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirirdi.

1995-ci ildə Dayton Sülh Müqaviləsi ilə başa çatan müharibənin nəticəsi isə çox ağır oldu. Müharibədə 200 minə yaxın insan həlak oldu, 1 milyondan çox insan evlərini tərk etdi. Dayton müqaviləsi ilə Bosniya və Herseqovina iki qurumla (Bosniya və Herseqovina Federasiyası və Serb Respublikası) Brcko Muxtar Vilayətinə bölündü. Müharibədən sonrakı ilk seçkilərdə Aliya İzzetbeqoviç “müstəqil” Bosniya və Herseqovinanın ilk prezidenti, daha sonra isə Prezident Şurasının ilk prezidenti oldu.

Bosniya və Herseqovina xalqına beynəlxalq səviyyədə tanınan, müstəqil və suveren bir dövlət qoyan Aliya İzzetbeqoviç 2003-cü il oktyabrın 19-da paytaxt Sarayevoda vəfat edib. O, ölməzdən əvvəl ən son danışdığı dövlət xadimi prezident Rəcəb Tayyib Ərdoğan olub. Dəfn mərasiminə müxtəlif ölkələrdən 150 mindən çox insanın qatıldığı Bosniya lideri ölümündən əvvəl “şəhidlər arasında təvazökar bir məzarda dəfn olunmaq istədiyini” ifadə etdikdən sonra Sarayevodakı Kovaçi qəbiristanlığında dəfn edilib. Müdrik şəxsiyyəti ilə də tanınan Aliya “Şərqlə Qərb arasında İslam”, “İslam deklorasiyası”, “Azadlığa qaçışım”, “Tarixə şahidliyim”, “Kölə olmayacağıq” kimi əsərlər qoyub.

A.İzzetbeqoviçin müəllifi olduğu sözlər:

“Yaxşı insan olmadan yaxşı müsəlman ola bilmərik”.

“Heyvanlar ac olanda, insanlar isə tox olanda təhlükəli olur”.

“İslam qorxaqların deyil, cəsur müsəlmanların sayəsində yüksələcək”.

“Balıqların suda yaşadığı kimi, dünyanın yaşadığı mühit də Quran və İslamdır”.

“Ölməyə hazır olan insanlar, olmayanları məğlub edirlər. Biz kin saxlamayacağıq, amma edilənləri heç vaxt unutmayacağıq və hər şey bitdikdən sonra xatırladacağımız düşmənlərimizin sözləri deyil, dostlarımızın susması olacaq. Biz ölürük, lakin onlar da qalib gəlmir”.

“Quran ədəbiyyat deyil, həyatdır. Ona düşüncə tərzi deyil, həyat tərzi kimi yanaşmaq lazımdır”.

“Bütün ucalıq ve şükran Allaha məxsusdur və insanların həqiqi keyfiyyətlərini yalnız Allah müəyyən edə bilər”.

“İnsan şəxsiyyətini alçaldan, onu əşya ilə eyniləşdirən hər şey qeyri-insanidir”.

“Gələcəyimizi keçmişdə axtarmayacağıq. Kin və intiqam güdməyəcəyik”.

“Həyat qısadır” sözünə heç vaxt inanmamışam, çünki kifayət qədər yaşadığımı düşünürəm”.

“Ən pis şey boş bir ruhla dolu bir mədədir”.

“Ey təslimiyyət, sənin adın İslamdır”.

“Əgər din xurafatları məhv etməzsə, xurafat dini məhv edər”.

“İslam dini arzuların yox edilməsini deyil, nəzarət edilməsini istəyir”.

“Bir sözü heç vaxt yadınızdan çıxarmayın. Dövlət. Dövlətin nə qədər önəmli olduğunu hər kəs dərk etməlidir, çünki dövləti olmayan heç bir millət yaşaya bilməz”.

Ləman Əsədli
Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər

Rəşad Cabirli kimdir?

Rəşad Cabirli kimdir?

Haluk Bilginer kimdir?

Haluk Bilginer kimdir?

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?