Türkiyənin Kahramanmaraş vilayətində “Qardaş koməyi” məhəlləsi yaradılacaq

Türkiyənin Kahramanmaraş vilayətində “Qardaş koməyi” məhəlləsi yaradılacaq

Bakı, TurkicWorld

Fevralın altısında Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntıların yaşandığı 11 vilayətdən biri olan Kahramanmaraşın Türkoğlu rayonunda konteynerlərdən ibarət “Qardaş koməyi” məhəlləsi yaradılacaq.

Bu barədə TurkicWorld-a “Qardaş Köməyi” platformasından daxil olan məlumatda bildirilir.

“Azərbaycandakı QHT-lər də bir araya gələrək Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım göndərmək üçün təşkilatlandılar. Azərbaycan Sahibkarlar Konfederasiyası, MÜSİAD Azərbaycan, Azərbaycan Türkiyə İş Adamları Birliyi, Gəncliyə Yardım Fondu, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi, KOBİA və digərləri bir araya gələrək, “Qardaş Köməyi” platformasını qurdular”- platformadan daxil olan məlumatda qeyd olunur.

Məlumatda o da qeyd edilir ki , indiyədək əraziyə 100 konteyner, min ton ərzaq, 200 generator, 155 çadır, 2 xəstəxana çadırı, 22 ton dərman və tibbi ləvazimat göndərilib.

“ Bundan sonra da Türkiyədəki zəlzələdən əziyyət çəkən qardaşlarımıza Azərbaycandan yardım göndəriləcək”-deyə məlumatda qeyd olunur.