Çətin zamanlarımızda Azərbaycanın verdiyi dəstəyə, etdiyi yardımlara görə təşəkkür edirik - Türkoğlu bələdiyyə sədri

Çətin zamanlarımızda Azərbaycanın verdiyi dəstəyə, etdiyi yardımlara görə təşəkkür edirik - Türkoğlu bələdiyyə sədri

Bakı. TurkicWorld:

Bu çətin zamanlarımızda Azərbaycanın verdiyi dəstəyə, göstərdiyi diqqətə və etdiyi yardımlara görə təşəkkür edirik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkoğlu bələdiyyə sədri Osman Okumuş qeyd edib.

"Zəlzələdən təxminən iki ay yarım keçib. Əsrin fəlakəti zamanı baş verən dağıntılar Türkoğlu vilayətindən də yan ötməyib. Dağıntılar zamanı yardımlarını əsirgəməyən Türkiyə qeyri hökumət təşkilatlarına və eyni zamanda, hər zaman yanımızda olan, bizə dəstək olan qardaş Azərbaycana öz dərin minnətdarlığımı bildirirəm", - deyə bələdiyyə sədri bildirib.

Osman Okumuş xüsusilə, qeyd edib ki, qardaş Azərbaycan nümayəndələri üç dəfə Türkoğlu bələdiyyəsinə baş çəkib, yardımlarını əsirgəməyiblər.

"Qardaş köməyi platforması Türkoğlu vilayətimizə Azərbaycandan bir tır yardım göndərib. Bu çətin zamanlarımızda Azərbaycanın verdiyi dəstəyə, göstərdiyi diqqətə və etdiyi yardımlara görə təşəkkür edirik. Biz hər zaman Azərbaycanla yan-yanayıq", - deyə sədr vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələdə ölənlərin sayı 50 min 783-ə çatıb.