Bakı. TurkicWorld:
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), MÜSİAD Azərbaycan, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA), Kahramanmaraş Dərnəklər Federasiyasının (MaraşFed) təşkilatçılığı ilə Kahramanmaraşın Türkoğlu rayonunda yerləşən "Qardaş Köməyi" müvəqqəti konteyner məhəlləsində "BİRLİK VƏ QARDAŞLIQ İFTARI" proqramı təşkil edilib.
Bu barədə TurkicWorld-a MÜSİAD Azərbaycan-dan bildirilib.
“Kahramanmaraşın Türkoğlu rayonunda yerləşən "Qardaş Köməyi" müvəqqəti konteyner məhəlləsində zəlzələdən zərər görən soydaşlarımızla, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, qeyri hökumət təşkilatlarının nümayəndələri ilə "BİRLİK VƏ QARDAŞLIQ İFTARI " proqramında iftar süfrəsində bir araya gəldik. Fürsətdən istifadə edib bir daha bütün vətən müharibəsi şəhidlərimizə, zəlzələ qurbanlarına Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik. Allah bir daha pis gün yaşatmasın. Allah Türkü qorusun!”, -deyə proqramda çıxışı zamanı MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli vurğulayıb.
Qeyd edək ki, ötən il 6 Fevralda Türkiyədə baş verən, əsrin fəlakəti adlandırılan zəlzələdən sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, assosiasiyaların, iş insanlarının təşkilatçılığı ilə " Qardaş Köməyi Platforması " təsis edilib. Məqsəd Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsünə qoşularaq iş adamlarının, qeyri-hökumət təşkilatlarının, assosiasiyalarının dəstəyi ilə hər zaman olduğu kimi Qardaş Türkiyənin yanında olmaq, əlimizdən gələn dəstəyi əsirgəməmək idi.
Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir.
Əsrlər boyu xalqlarımız həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olub.
Təsadüfi deyildir ki, Türkiyə dövlətinin qurucusu dahi Mustafa Kamal Atatürk Azərbaycanın kədərini Türkiyənin kədəri, sevincini isə Türkiyənin sevinci hesab etmişdir.
Qardaş köməyi çətin günlərin qardaşlığının sloqanıdır. Birinci dünya müharibəsi zamanı Osmanlı dövləti ölüm qalım savaşı verərkən Azərbaycan aydınları qurduğu xeyriyə cəmiyyətləri, milli komitələrlə Anadoludakı qardaşlarının yardımına tələsmişdir. Qars, Ardahan kimi şəhərlərdən yetim qalan uşaqlar gətirilib Gəncə və Bakıda Müsəlman Xeyriyyə Cəmiyyətlərinin açdığı məktəblərə yerləşdirildi. Hacı Zeynəlabdin Tağıyev, Musa Nağıyev Balkan müharibələri zamanı köçgün düşən müsəlman uşaqları üçün Ədirnədə Darül Eytamlar (yetimlər evi) açdırdı.
Bütün bu fəaliyyətlərin davamı kimi 1917- ci ildə Azərbaycanda çıxan bütün qəzetlər birləşərək "Qardaş Köməyi" adı altında xüsusi nömrə çıxararaq Osmanlı əsirləri, əsgərləri üçün yardım kampanyası apardı. Osmanlı da bu qardaşlığın gərəyi olaraq Azərbaycanın ən çətin vaxtında Qafqaz İslam Ordusunu formalaşdıraraq ölkəmizi Erməni- Bolşevik işğalından xilas edti. 2020-ci ildə isə 44 günlük Vətən müharibəsində Türkiyə öz qardaşını-Azərbaycanı haqlı davasında dəstəklədi, möhtəşəm zəfər qazanıldı.
Məhz bu səbəblə bu dəstək kampanyası "Qardaş Köməyi" devizi ilə aparılır.
Bu gün də "Qardaş Köməyi" öz tarixi missiyasını davam etdirir.
Xatırladaq ki, qeyd olunan məhəllədə 39 küçəyə Azərbaycanın işğaldan azad olunmuş şəhərlərinin, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin adları verilib.
Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir.
Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması MÜSIAD Azərbaycanın rəsmi media partnyorudur.