BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərdən birində baş verən qanlı hücumun pərdəarxasında qaranlıq bir internet cərəyanının izləri aşkar edilib.
TurkicWorld xəbər verir ki, 14 yaşlı şagird İsa Aras Mersinlinin Ayser Çalık Orta Məktəbinə silahlı basqını nəticəsində bir müəllim və səkkiz şagird həyatını itirib, 20 şagird isə yaralanıb. Təhlükəsizlik qüvvələrinin araşdırması zamanı yeniyetmə qatilin sosial şəbəkə hesablarında 2014-cü ildə ABŞ-da altı nəfəri qətlə yetirən Elliot Roceri özünə "kumir" seçdiyi və onun fotosunu profil şəkli etdiyi məlum olub.
Baş Polis İdarəsinin açıqlamasına görə, hücumun radikal "incel" (istəksiz subaylıq) axımı ilə əlaqəli olduğu ehtimal edilir. Bu zərərli ideologiya qadınlara və cəmiyyətə qarşı nifrət bəsləyən, öz uğursuzluqlarında başqalarını günahlandıran şəxsləri şiddətə sövq edir. Hadisə ilə bağlı qatilin atası artıq həbs edilib, evdə və avtomobildə aparılan axtarışlar zamanı rəqəmsal materiallar müsadirə olunub. Hazırda hücumun hər hansı terror təşkilatı ilə əlaqəsi tapılmasa da, fərdi şəkildə planlaşdırılan bu cinayətin köklərinin virtual aləmdəki təhlükəli manifestlərə dayandığı vurğulanır.







