BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyədə saxlanılan müğənni Haluk Leventlə bağlı aparılan istintaq çərçivəsində kriptovalyuta layihələri və maliyyə əməliyyatlarına dair yeni iddialar gündəmə gəlib.
İstintaq materiallarına əsasən, "HLK Coin" adlı kriptovalyuta layihəsində baş verən kəskin qiymət enişi nəticəsində çoxsaylı investorların vəsaitlərini itirdiyi iddia olunur.
İstanbul Respublika Baş Prokurorluğunun göstərişi ilə keçirilən əməliyyat zamanı Oğuzhan Uğur, Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyn Küçük və Fatih Eke saxlanılıb.
İstintaq çərçivəsində Babala TV-nin qurucusu Oğuzhan Uğurun da maliyyə əməliyyatları araşdırılır. Bildirilir ki, onun şəxsi bank hesabında qeydə alınan qeyri-adi pul hərəkətləri bank tərəfindən Mali Cinayətlərin Araşdırılması Şurasına (MASAK) təqdim edilib.
Araşdırma zamanı Uğurun hesabına 50 ayrı köçürmə vasitəsilə iri həcmdə xarici valyuta daxil olduğu müəyyən edilib. Həmin vəsaitlərin sonrakı taleyi isə araşdırılır.
İstintaq sənədlərində adı keçən Fatih Ekenin əvvəlcə "NWork", daha sonra isə "Nigella World" adı altında qara zirə yağı və qida əlavələrinin satışı üzrə şəbəkə qurduğu, yeni üzvlərin cəlb olunması ilə gəlir vəd edən sistem formalaşdırdığı bildirilir.
Sonradan Eke "Nigelle Coin" adlı kriptovalyuta layihəsinə başlayıb. İstintaq materiallarında Haluk Leventlə əlaqələrinin də bu dövrdə yarandığı qeyd olunur.
İddialara görə, Haluk Levent həm satış şəbəkəsinin, həm də "Nigelle Coin" layihəsinin tanıtım siması kimi çıxış edib və investorlara layihəyə sərmayə yatırmağa çağırış edib.
Fatih Ekenin sosial media platformalarında bir "Nigelle Coin"in qiymətinin 3-4 min ABŞ dollarına qədər yüksələcəyini vəd etdiyi, sonradan layihənin Haluk Levent tərəfindən devralınaraq "HLK Coin" adlandırıldığı bildirilir.
İstintaq materiallarında qeyd olunur ki, bir vaxtlar 105 ABŞ dollarına qədər yüksələn "HLK Coin"in qiyməti sonradan 0,02 ABŞ dollarına qədər enib. Bu müddətdə kimliyi hələ müəyyən edilməyən şəxslərin böyük gəlir əldə etdiyi, Haluk Leventə etibar edərək investisiya qoyan minlərlə şəxsin isə vəsaitlərini itirdiyi iddia olunur.
Məsələ ilə bağlı çoxsaylı cinayət işi başlanması üçün müraciətlər edildiyi, Fatih Ekenin saxlanılmasından sonra "HLK Coin" layihəsi ilə bağlı dosyenin də istintaq materiallarına daxil edildiyi bildirilir.
Əməliyyat zamanı saxlanılan Sevda Kurtun "WhatsApp" yazışmalarında da kriptovalyuta layihəsi ilə bağlı müxtəlif mesajların aşkar edildiyi qeyd olunur.
Yazışmalarda vəd edilmiş 500 min ABŞ dolları məbləğində ödənişin həyata keçirilmədiyi, Haluk Levent və Yeliz Kaya barəsində icra icraatı və xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə hüquqi addımların atılmasının nəzərdən keçirildiyi bildirilib.
Mesajlarda həmçinin çirkli pulların yuyulması, kriptovalyuta dələduzluğu, piramida sistemi və Ahbap Dərnəyinin hesablarının Haluk Leventin şəxsi hesabı kimi istifadə edildiyi barədə müxtəlif iddiaların yer aldığı vurğulanır.
Sevda Kurtun mobil telefonunda aparılan ilkin ekspertiza zamanı əvvəlcə "Nigella", daha sonra isə "HLK/USDT" adı ilə tanınan kriptovalyutalarla bağlı yazışmalar aşkar edilib.
İstintaq sənədlərində Kurtun Haluk Leventə verdiyi borclar müqabilində ona kriptovalyuta təqdim edildiyi, sonradan həmin aktivlərin Haluk Levent və Serkan Çakmak tərəfindən bloklandığını əks etdirən mesajların olduğu bildirilir.
Bundan başqa, yazışmalarda zəlzələ dövründə kriptovalyuta şəklində edilən ianələrin Ahbap Dərnəyinin hesablarına köçürülmədən Haluk Leventin şəxsi borclarının ödənilməsində istifadə edildiyi barədə iddialar da yer alır.
İstintaq çərçivəsində saxlanılan CHP Ticarət Siyasəti Şurasının sədri Emre Kartaloğlunun əvvəllər Türkiyə Sərbəst Mühasiblər, Maliyyə Müşavirləri və Andlı Maliyyə Müşavirləri Palataları Birliyinin (TÜRMOB) rəhbəri olduğu və Ahbap Dərnəyinin maliyyə hesabatlarını yoxlayaraq pozuntu aşkar edilmədiyi barədə rəy verdiyi qeyd olunur.
Kartaloğlunun adının daha əvvəl Uşak bələdiyyəsində araşdırılan korrupsiya işi çərçivəsində də hallandığı bildirilir. Keçmiş Uşak bələdiyyə sədri Özkan Yalımın ifadəsində VIP avtomobillərin yenidən qurulması prosesi və Hesablama Palatasına təqdim ediləcək cavablarla bağlı Emre Kartaloğlu ilə görüşdüyünü iddia etdiyi vurğulanır.
İstintaq çərçivəsində saxlanılan Ece Günerin qardaşı Özgür Günerin də əməliyyatlardan sonra xaricə vəsait çıxarmağa cəhd edərkən saxlanıldığı bildirilir.
İddialara əsasən, Özgür Güner iki saat ərzində 400 min avronu Fransadakı CCF Paris Bankına köçürüb, daha sonra ölkədən çıxmaq üçün bilet aldığı müəyyən edilib. Bundan sonra MASAK onun bank hesablarını bloklayaraq saxlanılması barədə qərar qəbul edib.
Bundan əlavə, Haluk Leventin köməkçisi və Ahbap Dərnəyinin təsisçilərindən olan, axtarışda olan Alper Çelikin saxlanıldığı və məhkəmə qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərildiyi bildirilib.



