BAKI,TurkicWorld
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməliyyat tədbirləri həyata keçirib.
DTX-nin Mətbuat xidmətindən bildirilib ki, araşdırmalar zamanı Azərbaycan hüdudlarından kənarda dini radikalizm zəminində aparılan silahlı münaqişələrdə iştirak edən şəxslərin, o cümlədən beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsi işinin təşkil edildiyi müəyyən olunub.
Bildirilib ki, qeyd olunan şəxslər tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin törədilməsi ilə əlaqədar sosial şəbəkələrdə yayımlanmış saxta elanlar vasitəsilə müxtəlif dini ayinlərin icrası adı altında toplanmış vəsaitlərin mənbəyi, habelə pulköçürmə mexanizmləri ilə bağlı çoxsaylı mötəbər dəlillər əldə edilib.
Qeyd edilib ki, digər ölkələrin xüsusi xidmət orqanları ilə birgə keçirilən tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən şəxslərdən ibarət qruplaşmanın üzvləri müəyyən olunub.
DTX-dən verilən məlumata görə, digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən, müxtəlif ölkələrdə məskunlaşmış şəxslərdən ibarət cinayətkar birliyin geniş dairəsi ifşa edilib. 5 ölkə ərazisində paralel antiterror tədbirləri nəticəsində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılıb. Xaricdə saxlanılan şəxslərdən Elşən Əsgərov Azərbaycana ekstradisiya edilib.
Cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.







