Son dəqiqə

NATO Haluk Görgün NATO sammiti

NATO-da tarixi razılaşmalar imzalandı - Türkiyə şirkətləri alyansın əsas müdafiə layihələrində yer alacaq

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyənin müdafiə sənayesi şirkətləri NATO-nun gələcək çəkindirmə strategiyasının əsasını təşkil edəcək layihələrdə iştirak edəcək.

Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısı çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda bildirib.

Onun sözlərinə görə, 2026-cı il NATO Müdafiə Sənayesi Forumu çərçivəsində üzv dövlətlərin birgə həyata keçirəcəyi zərbə imkanları, inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemləri, kosmik və müşahidə imkanları, müdafiə sənayesi üçün kritik xammalların təminatı, eləcə də NATO-nun pilotsuz uçuş aparatları sahəsində üstünlüyünün gücləndirilməsi istiqamətlərində mühüm razılaşmalar imzalanıb.

Haluk Görgün qeyd edib ki, ASELSAN, ROKETSAN, STM və TÜBİTAK bu layihələrin əsas icraçıları sırasında yer alacaq. Onun sözlərinə görə, həmin layihələr yaxın illərdə NATO-nun çəkindirmə arxitekturasının əsas sütunlarından birini təşkil edəcək.

O bildirib ki, bu il keçirilən Müdafiə Sənayesi Forumu NATO Zirvəsinin əsas tədbirlərindən biri hesab olunur. Görgün vurğulayıb ki, NATO-nun baş katibi Mark Ruttenin müdafiə sənayesini prioritet istiqamətlərdən biri elan etməsi forumun əhəmiyyətini daha da artırıb.

Haluk Görgün qeyd edib ki, son üç ildə dünyanın müxtəlif bölgələrində baş verən müharibələr, böhranlar və təhlükəsizlik çağırışları qlobal müdafiə sistemini köklü şəkildə dəyişdirib. Bu şəraitdə müdafiə sənayesinin istehsal gücünün artırılması və müttəfiqlər arasında daha sıx əməkdaşlığın qurulması zərurətə çevrilib.

Onun sözlərinə görə, heç bir ölkə bu yükü təkbaşına daşıya bilməz və NATO-nun sənaye potensialının gücləndirilməsi yalnız müttəfiqlərin birgə fəaliyyəti ilə mümkün olacaq.

Haluk Görgün əlavə edib ki, Türkiyənin müdafiə sənayesi silahlı pilotsuz uçuş aparatları, uzaqmənzilli zərbə sistemləri, kosmik texnologiyalar, hava hücumundan müdafiə və pilotsuz sistemlərə qarşı mübarizə sahələrində yüksək texnoloji həllər təqdim edir. O vurğulayıb ki, NATO qüvvələri artıq Türkiyə istehsalı olan məhsullardan müxtəlif əməliyyatlarda uğurla istifadə edir.

Görgün həmçinin İspaniya ilə reaktiv təlim təyyarələri, Polşa ilə elektron müharibə və sərhəd təhlükəsizliyi, Rumıniya, Macarıstan və Estoniyanın quru və dəniz qüvvələrinin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrin NATO daxilində sənaye əməkdaşlığının mühüm nümunələri olduğunu bildirib.

Onun sözlərinə görə, Türkiyə bu imkanları NATO çərçivəsində həyata keçiriləcək yeni təşəbbüslərə də daşımağa və alyansın müdafiə sənayesinin transformasiyasında aparıcı tərəfdaşlardan biri olmağa hazırdır.

Mövzuya görə xəbərlər