BAKI,TurkicWorld Orxan Qədirzadə
NATO-nun Ankarada keçirilən 36-cı Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüş ikitərəfli münasibətlərin gələcək istiqamətinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı müdafiə sənayesi, ticarət, investisiyalar və regional təhlükəsizlik məsələlərinin geniş şəkildə müzakirə ediləcəyi gözlənilir.
Türkiyə və ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə nəzərdən keçiriləcəyi, mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımların qiymətləndiriləcəyi bildirilir.
Donald Trampın ikinci prezidentlik dövründə Ankara ilə Vaşinqton münasibətlərində uzun illər müşahidə olunan gərginliyin yerini yeni əməkdaşlıq imkanlarının aldığı qeyd edilir. Xüsusilə Trampın Prezident Ərdoğana nümayiş etdirdiyi şəxsi yaxınlığın siyasi qərarlarda da öz əksini tapdığı vurğulanır.
Bu istiqamətdə ən diqqətçəkən nümunələrdən biri Suriya məsələsi hesab olunur. Uzun illər Türkiyənin təhlükəsizlik gündəmində əsas problemlərdən biri olan Suriya dosyasında Ankara ilə Vaşinqton arasında əldə olunan koordinasiyanın Türkiyənin maraqları baxımından mühüm nəticələr verdiyi bildirilir.
Müşahidələrə görə, ABŞ administrasiyası Türkiyənin tarixi, siyasi və mədəni əlaqələrə malik olduğu regionlarda artan təsir imkanlarını əvvəlki dövrlərdən fərqli olaraq təhlükə kimi deyil, regional sabitliyə töhfə verə biləcək amil kimi qiymətləndirir.
Bununla yanaşı, Türkiyənin son illərdə həyata keçirdiyi diplomatik fəaliyyətin və Ankara tərəfindən aparılan dialoq siyasətinin Vaşinqtonun yanaşmasının dəyişməsində rol oynadığı vurğulanır.
Donald Trampın NATO sammiti öncəsi Ankaraya səfərini Prezident Ərdoğanın dəvəti ilə əlaqələndirməsi və Türkiyəyə "hədiyyələrlə" gələcəyini bildirməsi də iki ölkə arasında yeni əməkdaşlıq mərhələsinə dair gözləntiləri artırıb.
Görüşdən əvvəl əsas müzakirə mövzularından biri ABŞ-ın 2020-ci ildə Türkiyəyə qarşı tətbiq etdiyi CAATSA sanksiyalarının taleyidir.
Ankara hesab edir ki, bu sanksiyalar mövcud Türkiyə-ABŞ münasibətlərinin ruhuna uyğun gəlmir və onların aradan qaldırılması ikitərəfli əlaqələrin normallaşmasına mühüm töhfə verə bilər. Siyasi dairələrdə Trampın Ankara səfəri zamanı sanksiyaların ləğvi ilə bağlı qərarın açıqlana biləcəyi ehtimalı da müzakirə olunur.
Görüş çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi də gündəmdə olacaq. Xüsusilə Türkiyənin milli döyüş təyyarəsi KAAN layihəsi üçün mühərrik təminatı ilə bağlı ABŞ administrasiyasının müsbət mövqe nümayiş etdirdiyinə dair məlumatlar diqqət çəkir.
Bununla yanaşı, İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35 proqramı və KAAN layihəsi çərçivəsində mühərrik satışına qarşı çıxdığı bildirilir. Məlumatlara görə, Netanyahu Ankaradakı görüşlərdən sonra Donald Trampla mümkün qədər tez bir araya gələrək Vaşinqtonun Türkiyə ilə bağlı qərarlarına təsir göstərməyə çalışacaq.
Bununla belə, müşahidəçilər hesab edirlər ki, Donald Trampın əvvəlki dövrdə Suriya məsələsində İsrailin mövqeyini tam dəstəkləməməsi və Türkiyə ilə münasibətlərə xüsusi önəm verməsi Ankaranın maraqlarına uyğun bəzi qərarların qəbul olunması ehtimalını artırır.
Ekspertlər qeyd edirlər ki, ABŞ-İsrail münasibətlərinin strateji xarakteri nəzərə alınmaqla prosesin ehtiyatla izlənilməsi vacibdir. Bununla yanaşı, Ankara sammiti Türkiyə ilə ABŞ arasında müdafiə, təhlükəsizlik və regional əməkdaşlığın yeni mərhələyə keçməsi baxımından mühüm imkan kimi qiymətləndirilir.







