BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyə milli futbol komandası 2026-cı il Dünya Kubokunda iştirak etmək üçün ABŞ-a yola düşüb. Komanda İstanbuldan xüsusi reyslə turnirin keçiriləcəyi Şimali Amerikaya yollanarkən, millinin heyəti və futbolçuların transfer dəyərləri də diqqət mərkəzinə gəlib.
Dünya futbolunun ən nüfuzlu yarışlarından biri hesab edilən Dünya Kuboku 11 iyun tarixində start götürəcək. Türkiyə yığması qrup mərhələsində Avstraliya, Paraqvay və ev sahibi ABŞ ilə qarşılaşacaq.
Komandanın heyətində yer alan futbolçular arasında ən yüksək bazar dəyərinə malik oyunçu Arda Güler hesab olunur. Gənc yarımmüdafiəçinin transfer dəyəri 90 milyon avro qiymətləndirilir. Onu 75 milyon avro ilə Kenan Yıldız izləyir. Siyahıda üçüncü pillədə isə 45 milyon avro dəyərində qiymətləndirilən Can Uzun qərarlaşıb.
Milli komandanın ən dəyərli futbolçularının ilk onluğu belə formalaşıb:
Arda Güler – 90 milyon avro
Kenan Yıldız – 75 milyon avro
Can Uzun – 45 milyon avro
Ferdi Kadıoğlu – 30 milyon avro
Barış Alper Yılmaz – 30 milyon avro
Orkun Kökçü – 25 milyon avro
Kerem Aktürkoğlu – 20 milyon avro
Yunus Akgün – 18 milyon avro
Hakan Çalhanoğlu – 16 milyon avro
Yusuf Akçiçek – 15 milyon avro
Milli komandanın baş məşqçisi Vinçenso Montella genişləndirilmiş 35 nəfərlik siyahıdan doqquz futbolçunu çıxararaq yekun 26 nəfərlik heyəti müəyyənləşdirib.
Yekun heyətdə qapıçılar sırasında Altay Bayındır, Mert Günok və Uğurcan Çakır yer alıb. Müdafiə xəttində Abdülkerim Bardakçı, Çağlar Söyüncü, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Ozan Kabak, Samet Akaydın və Zeki Çelik çıxış edəcək.
Yarımmüdafiəçilər sırasında Hakan Çalhanoğlu, İsmayıl Yüksek, Kaan Ayhan, Orkun Kökçü və Salih Özcan yer alıb. Hücum xəttində isə Arda Gülər, Barış Alper Yılmaz, Can Uzun, Deniz Gül, İrfan Can Kahveci, Kenan Yıldız, Kerem Aktürkoğlu, Oğuz Aydın və Yunus Akgün olacaqlar.
Türkiyə yığması Dünya Kubokundakı ilk oyununu 14 iyun tarixində Avstraliyaya qarşı keçirəcək. Daha sonra komanda Paraqvay və ABŞ-la qarşılaşaraq qrupdan çıxmaq uğrunda mübarizə aparacaq. Turnirin ilk mərhələsində əldə olunacaq nəticələr Türkiyənin mundialdakı gələcək taleyini müəyyənləşdirəcək.







