BAKI,TurkicWorld
Fergani Kosmik Texnologiyaları tərəfindən hazırlanmış beşinci sınaq peyki olan FGN-100-D3 kosmosa buraxılıb.
Bu barədə TurkicWorld-ə Baykar şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, rabitə və naviqasiya imkanları ilə təchiz edilən, 113 kq çəkidə olan yeni nəsil milli peyk orbitinə yerləşərək fəaliyyətə başlayıb.
“Baykar İdarə Heyətinin sədri və texnologiya lideri Səlçuk Bayraktar tərəfindən qurulan Fergani Kosmik Texnologiyaları bu peyki 30 mart 2026-cı il tarixində ABŞ-ın Vandenberq Kosmik Qüvvələr Bazasından kosmosa göndərib. SpaceX-in Transporter-16 missiyası çərçivəsində buraxılan peyk, təxminən 66 dəqiqə sonra daşıyıcı raketdən uğurla ayrılaraq 500–520 km hündürlükdə nəzərdə tutulan orbitə yerləşib”- deyə bildirilib.
FGN-100-D3 əvvəlki peyklərlə müqayisədə mühüm texnoloji yenilikləri ilə seçilir.
Açıqlamada qeyd olunur ki, FGN-100-D3 peyki əvvəlki modellərlə müqayisədə mühüm texnoloji yeniliklərlə fərqlənir. Peykdə tam yerli istehsal olan reaksiya çarxı, maqnit tork çubuğu, maqnitometr, IMU və GNSS qəbuledicisi kimi kritik komponentlər tətbiq edilib.
Bununla yanaşı, peyk süni intellekt dəstəyi ilə işləyən kompüter sistemi ilə təchiz olunub ki, bu da mürəkkəb tapşırıqların kosmos şəraitində icrasını mümkün edir.
Qeyd edək ki, Fergani Kosmik Texnologiyaları 2025-ci ilin əvvəlindən etibarən kosmosda ardıcıl uğurlar əldə edərək mövqeyini möhkəmləndirir.







