Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Qara dəniz Rusiya Ukrayna müharibəsi

Türkiyə Müdafiə Nazirliyi Qara dənizdəki təhlükəsizlik tədbirləri barədə məlumat yayıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Milli Müdafiə Nazirliyi Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə yaranan dreyf edən mina və pilotsuz vasitə təhdidlərinə qarşı həyata keçirilən genişmiqyaslı fəaliyyətlər barədə açıqlama verib.

TurkicWorld xəbər verir ki, Türkiyənin rəhbərliyi, Rumıniya və Bolqarıstanın iştirakı ilə yaradılan "Qara dənizdə Minalara Qarşı Tədbirlər üzrə Əməliyyat Qrupu"nun (MCM Black Sea) fəaliyyəti çərçivəsində təhlükəsizlik tədbirləri fasiləsiz davam etdirilir.

Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən icra olunan əməliyyatlar çərçivəsində müharibənin başlanğıcından bəri kəşfiyyat, müşahidə, patrul və aşkar edilən minaların, eləcə də pilotsuz dəniz və hava aparatlarının zərərsizləşdirilməsi işləri uğurla idarə olunur.

Məlumata görə, dəniz səlahiyyət sahələrinin qorunması məqsədilə bölgəyə freqat, sualtı qayıq, patrul gəmisi, dəniz patrul təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatları (PUA) cəlb edilib. Mina müşahidə fəaliyyətlərində isə mina axtaran gəmilər, hücum katerləri və xüsusi təyinatlı dalğıc qrupları aktiv iştirak edir. İndiyədək aparılan fəaliyyətlər zamanı gəmilər 28 min 150 saat üzüş həyata keçirib, hava nəqliyyat vasitələri isə 1554 uçuş reallaşdırıb.

Nazirlikdən bildirilib ki, indiyə qədər cəmi 275 şübhəli obyekt aşkar edilib. Araşdırmalar nəticəsində bunlardan 10-nun mina, 8-nin kamikadze PUA, 11-nin isə kamikadze pilotsuz dəniz aparatı olduğu müəyyən edilib və bütün təhlükəli vasitələr xüsusi qruplar tərəfindən məhv edilib. Regionda təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə 2025-ci ilin dekabrından etibarən bölgədə 3 ədəd "Bayraktar TB2" PUA-sı və əlavə freqatlar növbətçiliyə başlayıb. Hazırda Qərbi Qara dənizdəki qazma və tədqiqat gəmilərinin ətrafında da kəşfiyyat-müşahidə işləri digər dövlət qurumları ilə əlaqəli şəkildə davam etdirilir.

Mövzuya görə xəbərlər