Bakı. Trend:
Bərpaolunan enerji, nəqliyyat və tranzit əlaqələri, eləcə də Xəzər və Qara dəniz üzərindən Avropaya uzanan enerji dəhlizinin inkişafı Azərbaycan və Macarıstan arasında əməkdaşlığın perspektivli istiqamətləridir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Nərgiz Qurbanova Macarıstanın Milli Günü və 1956-cı il Macarıstan inqilabının 70-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Macarıstan qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlıq münasibətlərini dəstəkləyirlər. N.Qurbanova iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclasının, eləcə də Azərbaycan-Macarıstan strateji dialoqunun üçüncü iclasının keçirilməsinin siyasi dialoqun ardıcıl xarakter daşıdığını göstərdiyini qeyd edib.
O, həmçinin ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə etmək məqsədilə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşünün əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və enerji sektorunda birgə fəaliyyət ikitərəfli münasibətlərin əsas istiqamətlərindəndir.
N.Qurbanova əlavə edib ki, təhsil sahəsində əməkdaşlıq iki ölkənin xalqlarının yaxınlaşmasına töhfə verir:
"Xüsusilə, Macarıstan hökumətinin Azərbaycan vətəndaşları üçün təqdim etdiyi "Stipendium Hungaricum" təqaüd proqramı təhsil əlaqələrinin və tələbə mübadiləsinin inkişafı üçün geniş imkanlar yaradır".
"Azərbaycan və Macarıstan beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edirlər", – deyə o bildirib.
O, enerji resurslarının şaxələndirilməsi, Avrasiyanın nəqliyyat-logistika zəncirlərində iştirak və Avropanın sürətlə inkişaf edən bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb.
XİN rəsmisinin sözlərinə görə, bu platforma siyasi dialoq və regional, eləcə də beynəlxalq çağırışlarla bağlı mövqelərin uzlaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.
"İnanırıq ki, qarşılıqlı maraqlar və etimad əsasında qurulan iki ölkə arasındakı münasibətlər bundan sonra da inkişaf edəcək", – deyə N.Qurbanova bildirib.






