BAKI, TurkicWorld, Nailə Babazadə
NATO-nun “Steadfast Dart 2026” təlimi çərçivəsində TCG ANADOLU gəmisində yerləşdirilən Bayraktar TB3 silahlı pilotsuz uçuş aparatı Baltik dənizində sərt hava şəraitində uçuş nümayişini uğurla başa vurub.
TurkicWorld xəbər verir ki, NATO-nun ən böyük təlimlərindən biri olan “Steadfast Dart 2026” zamanı hava temperaturunun -5 dərəcəyə qədər endiyi, güclü qar və şiddətli küləyin müşahidə olunduğu şəraitdə Bayraktar TB3 uçuş icra edib.
Baykar tərəfindən yayılan məlumata əsasən, Türk müdafiə sənayesi dəniz aviasiyasında əldə etdiyi etibarlılıq səviyyəsini Baltik dənizinin ən çətin qış şərtlərində nümayiş etdirib. Təlimin keçirildiyi Baltik dənizi akvatoriyasında sərt hava şəraitinə baxmayaraq, TCG ANADOLU gəmisinin qısa uçuş-enmə zolağından avtonom şəkildə havaya qalxan TB3 müttəfiq ölkələrin nümayəndələrinə öz aviasiya imkanlarını sərgiləyib.
Dəniz üzərində güclü küləyin yaratdığı turbulent mühitə baxmayaraq, milli pilotsuz aparat sabit uçuş xarakteristikasını qoruyub və uçuş tapşırığını uğurla tamamlayaraq şaxtalı hava səbəbindən buz bağlamış zolağı təmizlənmiş TCG ANADOLU gəmisinə avtonom eniş edib.
Bildirilir ki, sərt hava şəraiti səbəbindən döyüş təyyarələri və helikopterlərin uça bilmədiyi şəraitdə havaya qalxan yeganə hava vasitəsi Bayraktar TB3 olub. Uçuş nümayişi müttəfiq ölkələrin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.
Eyni bölgədə daha əvvəl həyata keçirilən və suüstü hədəflərin ikili salvo MAM-L sursatı ilə dəqiq vurulduğu fəaliyyətlərin ardınca reallaşan bu uçuşlar TB3-ün istənilən hava şəraitində əməliyyat qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyib.
Bütün layihələrini öz vəsaiti hesabına həyata keçirən Baykar 2025-ci ildə də pilotsuz uçuş aparatları seqmentində dünyanın ən böyük ixracatçısı statusunu qoruyub. Şirkət son üç ildə qlobal SİHA bazarında liderliyini davam etdirib və 2025-ci ildə 2,2 milyard ABŞ dolları həcmində ixrac göstəricisinə çataraq rekordunu yeniləyib.
Gəlirlərinin 90 faizini ixracdan əldə edən Baykar Türkiyənin yüksək texnologiyalar üzrə ixracında ön sıralarda qərarlaşıb. Şirkət 36 ədəd Bayraktar TB2 və 16 ədəd Bayraktar AKINCI üçün 37 ölkə ilə ixrac müqaviləsi imzalayıb.







