BAKI,TurkicWorld, Fərid Mikayılov
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib.
TurkicWorld xəbər verir ki, bu barədə Cevdet Yılmaz sosial şəbəkə hesabında paylaşım edib.
Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın konkret sahələr üzrə dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Yılmaz bildirib ki, danışıqlar zamanı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün əsas gündəm mövzularından biri müdafiə sənayesi sahəsində əməkdaşlıq və ABŞ-ın tətbiq etdiyi CAATSA sanksiyaları olub. Yılmaz qeyd edib ki, bu mövzular geniş və əhatəli şəkildə dəyərləndirilib.
Danışıqlar zamanı qlobal və regional inkişaflar da müzakirə edilib. Xüsusilə Yaxın Şərqdəki vəziyyət, İran və Suriyadakı son proseslər, eləcə də Qəzza üzrə sülh planının ikinci mərhələsi çərçivəsində fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Türkiyə ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində nümayiş etdirilən siyasi iradəyə və konstruktiv yanaşmaya görə səfir Tom Barraka təşəkkür edilib.






