Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Liviya Liviya Dövləti Silahlı Qüvvələrinin Baş Qərargahı

Türkiyə hava məkanının təhlükəsizliyini qətiyyətlə təmin edir - Türkiyə MN

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) hava məkanının təhlükəsizliyinin 7 gün 24 saat əsasda təmin edildiyini və bu sahədə hər hansı boşluğun olmadığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Milli Müdafiə Nazirliyində keçirilən həftəlik brifinqdən sonra jurnalistlərin sualları cavablandırılıb. Bildirilib ki, Türkiyənin hava məkanına nəzarət radarlar, elektro-optik sensorlar, quru, dəniz və hava qüvvələri, eləcə də NATO ilə inteqrasiya olunmuş çoxsəviyyəli müdafiə sistemi vasitəsilə fasiləsiz şəkildə həyata keçirilir.

Brifinqdə, Liviya Baş Qərargah rəisi Məhəmməd Əli əl-Həddad və onu müşayiət edən hərbi heyəti daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı suallara da aydınlıq gətirilib. MSB-nin açıqlamasında bildirilib ki, Ankaradan Tripoliyə uçan “Falcon-50” tipli təyyarə elektrik nasazlığı səbəbindən fövqəladə vəziyyət elan edib və Esenboğa hava limanına geri qayıtmaq üçün prosedurlar başladılıb.

Radar əlaqəsinin kəsilməsindən sonra Hərbi Hava Qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı, bir CN-235 təyyarəsi və axtarış-xilasetmə helikopteri dərhal əraziyə göndərilib. Axtarışlar nəticəsində təyyarənin qalıqları Ankaranın Haymana rayonunun kənd ərazisində aşkar edilib. Qəza zamanı Liviya Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, onları müşayiət edən hərbi heyət üzvləri və uçuş ekipajının hamısının həlak olduğu müəyyən edilib.

Açıqlamada qeyd olunub ki, hadisə yerində təyyarənin “qara qutusu” tapılıb və texniki araşdırmalara başlanılıb. Qəzanın səbəbləri Türkiyənin aidiyyəti qurumları tərəfindən Liviya tərəfi ilə birgə hərtərəfli şəkildə araşdırılır. MSB həlak olanlar üçün Allahdan rəhmət diləyib, Liviya xalqına başsağlığı verib.

Mövzuya görə xəbərlər