BAKI, TurkicWorld
Türkiyənin milli istehsalı olan KTJ-3200 mühərriki və SOM raketi beynəlxalq mediada diqqət çəkib.
TurkicWorld xəbər verir ki, xarici mətbuat Türkiyənin milli imkanlarla hazırladığı KTJ-3200 turbojet mühərriki və SOM qanadlı raketi ilə ABŞ və Avropa ilə rəqabət aparmağa başladığını yazıb.
Bildirilib ki, bu mühərrik SOM raketini daha da müstəqil və ixraca hazır sistemə çevirir.
Türkiyənin müdafiə sənayesi şirkəti Roketsan-ın hazırladığı SOM qanadlı raketi, yerli istehsal olan KTJ-3200 mühərriki ilə birgə sınaqdan uğurla keçib. Təxminən 48 kq çəkidə olan mühərrik 17 saata qədər xidmət göstərə bilir. Mühərrik çətin coğrafi şəraitdə aşağı hündürlükdə uçuş və ərazi izləmə imkanları ilə raketin sağ qalma qabiliyyətini artırır.
Qeyd edək ki, SOM raketi TÜBİTAK SAGE tərəfindən hazırlanmış və Roketsan tərəfindən istehsal olunur. 250 km-dən çox məsafədə hədəfləri vura bilən bu raket havadan yerə atılmaq üçün nəzərdə tutulub və yüksək partlayıcı döyüş başlığı daşıyır. SOM artıq F-4E/2020 və F-16 təyyarələrində istifadəyə verilib, yaxın gələcəkdə Türkiyənin yeni nəsil döyüş təyyarəsi KAAN ilə də inteqrasiyası planlaşdırılır.
Məlumatda vurğulanıb ki, əvvəllər SOM üçün Fransaya məxsus TR-40 mühərriki istifadə olunurdu. Lakin Kale Arge tərəfindən milli imkanlarla istehsal edilən KTJ-3200 bu asılılığı aradan qaldırmaq üçün önəmli addım sayılır. Bu da Türkiyəni Rusiyanın Kalibr və Çinin CJ-10 raket proqramlarına bənzər tam suveren silah sistemlərinə yaxınlaşdırır.
Xarici mənbələr SOM raketini ABŞ-ın AGM-158 JASSM və Avropanın SCALP EG/Fırtına Kölgəsi kimi sistemləri ilə müqayisə edib, onun strateji üstünlüklərinə diqqət çəkiblər. SOM-un lokallaşdırılmış mühərriklə təchiz olunması ixrac bazarında Türkiyənin rəqabət gücünü artırır və ölkənin müdafiə sənayesində müstəqilliyini daha da möhkəmləndirir.