Son dəqiqə

Türkiyə İstanbul Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə hava limanları İstanbul Hava Limanı Abdulkadir Uraloğlu Avtomatlaşdırılmış uçuş sistemi Hava limanlarında yüksək texnologiya Hava nəqliyyatı innovasiyaları EUROCONTROL

İstanbul Hava Limanı Avropada ilkə imza atıb

BAKI, TurkicWorld

İstanbul Hava Limanı Avropada ilkə imza atıb. Eyni vaxtda üçlü müstəqil uçuş-enmə əməliyyatı başladılıb.

TurkicWorld xəbər verir ki, İstanbul Hava Limanında “eyni vaxtda üçlü müstəqil uçuş-enmə zolağı əməliyyatı” xidmətinin istifadəyə verilməsi ilə bağlı mərasim keçirilib. Mərasimdə çıxış edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bu yeniliyin hava nəqliyyatında qlobal gücə güc qatdığını bildirib.

Nazirin sözlərinə görə, yeni sistemlə İstanbul Hava Limanında eyni anda üç təyyarə tamamilə müstəqil zolaqlarda enə və ya havaya qalxa biləcək. Uraloğlu bu imkanın hava nəqliyyatında sürət, çeviklik və səmərəliliyi artıracağını vurğulayıb.

Nazir həmçinin bildirib ki, beynəlxalq uçuş şəbəkəsi də əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Türkiyədən 132 ölkəyə 352 istiqamətdə beynəlxalq uçuşlar həyata keçirilir. Bu göstərici ölkənin qlobal hava nəqliyyatında artan rolunu və əlaqə imkanlarının genişlənməsini ortaya qoyur.

Qeyd edək ki, bu sistemlə İstanbul Hava Limanı Avropada “üçlü müstəqil uçuş-enmə zolağı əməliyyatını” tətbiq edən ilk hava limanı olub. Hazırlıqlara 2022-ci ilin sonlarında başlanılıb, 2023–2024-cü illərdə isə EUROCONTROL və digər beynəlxalq aviasiya qurumları ilə geniş texniki və təhlükəsizlik təhlilləri aparılıb.

Nazir çıxışında İstanbul Hava Limanının həm ölkə daxilində, həm də beynəlxalq arenada rekordlara imza atdığını bildirib.

Mövzuya görə xəbərlər