Son dəqiqə

Türkiyə İstanbul Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə hava limanları İstanbul Hava Limanı Abdulkadir Uraloğlu Avtomatlaşdırılmış uçuş sistemi Hava limanlarında yüksək texnologiya Hava nəqliyyatı innovasiyaları EUROCONTROL Üçlü müstəqil uçuş-enmə zolağı əməliyyatı

İstanbulda üçlü uçuş-enmə sistemi başlayıb

BAKI, TurkicWorld

İstanbul Hava Limanı eyni anda üç təyyarənin müstəqil şəkildə enə və ya qalxmasına imkan verən yeni əməliyyata başlayır.

TurkicWorld xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu İstanbul Hava Limanında bu gündən etibarən "üçlü müstəqil uçuş-enmə zolağı əməliyyatı"nın başladığını açıqlayıb.

Bu sistem sayəsində eyni vaxtda üç təyyarə ayrı-ayrı zolaqlardan müstəqil şəkildə enə və ya qalxa biləcək.

Nazir Uraloğlu bu əməliyyatı hava nəqliyyatı tarixində əlamətdar addım adlandırıb və bildirib ki, bu addımla İstanbul Hava Limanında hava trafikinin idarə olunması daha səmərəli və sürətli həyata keçiriləcək.

Qeyd edək ki, ABŞ-dan sonra bu sistemi tətbiq edən ilk hava limanı Avropada İstanbul olacaq. Yeni sistem sayəsində İstanbul Hava Limanının dinamik tutumu artacaq və uçuş axını daha çevik şəkildə idarə olunacaq.

Hazırlıq işlərinə 2022-ci ilin sonlarında başlanılıb və 2023–2024-cü illərdə EUROCONTROL, Dövlət Hava Limanları İdarəsi, THY və Mülki Aviasiya Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik analizləri, simulyasiyalar və texniki təlimlər aparılıb. Təhlükəsizlik hesabatlarına əsaslanaraq hava məkanı yenidən dizayn edilib, idarəetmə sistemləri uyğunlaşdırılıb və aviaşirkətlər məlumatlandırılıb.

Nazir bildirib ki, sistem qabaqcıl radarlar, dəqiq naviqasiya vasitələri və avtomatik idarəetmə strukturları ilə təchiz olunub. Bu texnologiyalar uçuş marşrutlarının optimallaşdırılması, yerüstü nəqliyyatın fasiləsiz idarəsi və təhlükəsizliyin təmin olunmasında əsas rol oynayacaq.

Eyni zamanda, 2025-ci ilin mart ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 17 milyon 961 min 463 nəfər olub.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5,6 faiz azalaraq, 3 milyon 423 min 383 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 14 milyon 583 min 80 nəfər təşkil edib.

2025-ci ilin mart ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 754 min 271 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 40 min 988 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 7 faiz artaraq, 713 min 283 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin mart ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin mart ayı ilə müqayisədə 1 faiz artaraq, 121 min 638 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq, 25 min 576, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 96 min 62 olub.

2025-ci ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 45 milyon 139 min 958 nəfər, yük daşınması isə 1 milyon 38 min 913 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər