BAKI, TurkicWorld
ABŞ-ın Tufts Universitetində doktorantura təhsili alan Rümeysa Öztürk, ölkədən deportasiya olunmaq üçün saxlanılsa da, ABŞ Dövlət Departamentinin onun barəsində kifayət qədər sübut tapmadığı bildirilib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, ABŞ Göç və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılan Öztürkün daha öncə antisemitik fəaliyyətlərdə iştirak etdiyinə və ya HƏMAS-ı dəstəkləyən bəyanatlar verdiyinə dair heç bir sübuta rast gəlinməyib.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS), Öztürkün İsrail əleyhinə fəaliyyətdə iştirak etdiyini əsas gətirərək onun vizasının ləğv edilməsini tövsiyə edib.
Lakin DHS-nin yüksək vəzifəli rəsmisi Andre Watson, Öztürkün sadəcə İsrail əleyhinə bir aksiyaya qatıldığını və Tufts Universitetini İsraillə əlaqəli şirkətlərlə maliyyə əlaqələrini kəsməyə çağıran yazı yazdığını, bundan başqa hər hansı terror və ya ekstremizmə dair sübutun olmadığını bildirib.
Hazırda Rümeysa Öztürk haqqında yekun qərarın nə olacağı məlum deyil. Lakin hüquq müdafiəçiləri və insan haqları təşkilatları bu cür halların fikir və ifadə azadlığına təzyiq formasında dəyərləndirilə biləcəyini bildirərək vəziyyəti yaxından izləyirlər.