BAKI,TurkicWorld
Türkiyə Neft Şirkəti (TPAO), Pakistanın 40 dəniz yatağında keçiriləcək tenderə Pakistanın üç milli enerji şirkəti ilə birgə təklif verəcək.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu addım, Türkiyənin xaricdə enerji axtarışlarını genişləndirmək istiqamətində atdığı növbəti strateji təşəbbüs olaraq qiymətləndirilir.
Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, TPAO ilə Pakistanın Mari Energies, OGDCL və PPL adlı milli şirkətləri arasında saziş imzalanıb. İmzalanma mərasimi Pakistan Madencilik Yatırım Forumu çərçivəsində baş tutub.
"Bu addım, Türkiyə ilə Pakistan arasındakı strateji enerji əməkdaşlığını daha da dərinləşdirəcək və bölgənin enerji təhlükəsizliyi baxımından da mühüm dönüş nöqtəsi olacaq"- deyə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Pakistan 2025-ci il 30 iyun tarixində ümumilikdə 40 dəniz axtarış bloku üzrə beynəlxalq tender elan edəcək. Bunlardan 14-ü Makran sahillərində, 26-sı isə İndus dəniz hövzəsində yerləşir. TPAO və tərəfdaş şirkətlər seçdikləri bloklara birgə təklif təqdim edəcəklər..
Nazir, İslamabad proqramı çərçivəsində Pakistan Quru Qoşunları Komandanı Asim Munir ilə də görüşərək enerji təhlükəsizliyi və strateji əməkdaşlıq məsələlərini müzakirə edib.