Türkiyə

Türkiyədə daha üç vilayət “nikah krediti” müraciətinə daxil edilib

Bakı, TurkicWorld

“Ailə və Gənclik Fondu” layihəsi çərçivəsində doğuş nisbətinin ən aşağı olduğu Karabük, Bartın və Zonguldakda şərtlərə cavab verən cütlüklərdən müraciətlər alınmağa başlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.

O, Rəcəb Tayyib Ərdoğanın vizyonu ilə yaradılan Ailə və Gənclik Fondu ilə gənclərin ailə qurmasına dəstək olduqlarını bildirib.

Layihənin pilot tətbiqinə zəlzələ bölgəsi olan Adıyaman, Qaziantepin İslahiye və Nurdağı rayonları, Hatay, Kahramanmaraş və Malatyada başladıqlarını xatırladan Göktaş, kreditdən 3 min 963 cütlüyün faydalandığını qeyd edib. O həmçinin, ailə quran gənclərə 48 ay vadeli, 2 il güzəştli (geri ödəməsiz),150 min lirə faizsiz kredit dəstəyinin əhali arasında çox böyük diqqət çəkdiyini bildirib.

“Ailə və Gənclər Fonduna bu günə qədər 12 min 132 cütlük müraciət edib və indiyədək şərtləri yerinə yetirən ümumilikdə 3 min 963 cütlük kreditdən yararlanıb.” – deyə o bildirib.

Qeyd edək ki, Ailə və Gənclər Fondu ailə institutunun dəstəklənməsi və möhkəmləndirilməsi, gənclərin sosial risklərdən qorunması, onların inkişafı və təşəbbüslərinin dəstəklənməsinə maliyyə vəsaiti təmin etmək məqsədilə 2023-cü ilin sonlarında yaradılmışdır.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər