BAKI,TurkicWorld
22–27 sentyabr 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək "WorldSkills Shanghai 2026" beynəlxalq yarışının kibertəhlükəsizlik istiqaməti üzrə seçim və hazırlıq mərhələsinə start verilib. Dünyanın 89 ölkəsindən 1000-dən çox iştirakçı və ekspertin qatılacağı nüfuzlu beynəlxalq platformada Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması prosesi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Peşə Təhsili üzrə Dövlət Agentliyi və "WorldSkills Azərbaycan"ın birgə strateji əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Seçim turları və yarışa hazırlıq prosesi İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil olunur. Bu mərhələlər milli kiberkadr potensialının beynəlxalq standartlara uyğun formalaşdırılmasını, gənc mütəxəssislərin praktiki bacarıqlarının gücləndirilməsini və qlobal miqyasda rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.
Seçim mərhələsinin ilk turu olan CTF-1 (Capture The Flag) yarışı 20 dekabr 2025-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində keçirilib. Yarışda ümumilikdə 80 namizəd iştirak edib. CTF-1-in əsas məqsədi namizədlərin real dünya ssenarilərinə əsaslanan kibertəhlükəsizlik bacarıqlarını qiymətləndirmək, analitik düşüncə, texniki çeviklik və problem həll etmə qabiliyyətlərini ölçmək olub. İştirakçılar yarış platforması üzərindən təqdim olunan tapşırıqları müvafiq təlimatlara uyğun şəkildə icra ediblər. Nəticələrə əsasən ən yüksək performans göstərən 20 namizəd növbəti seçim mərhələsi olan CTF-2 yarışına vəsiqə qazanacaq.
CTF-2 mərhələsi 2026-cı ilin yanvar ayında 20 namizəd arasında keçiriləcək. Bu mərhələnin nəticələrinə əsasən seçiləcək 10 namizəd 2026-cı ilin fevral–avqust ayları ərzində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunacaq intensiv və məqsədyönlü təlim proqramına cəlb ediləcək. Təlim proqramı beynəlxalq yarış formatına uyğun olaraq texniki biliklərin dərinləşdirilməsi, praktiki səriştələrin artırılması və qlobal kibertəhlükəsizlik çağırışlarına cavab verə bilən mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Proqramı uğurla başa vuran 2 iştirakçı "WorldSkills Shanghai 2026" beynəlxalq yarışında kibertəhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsil edəcək.
Bu seçim və hazırlıq prosesi ölkədə kibertəhlükəsizlik sahəsində dayanıqlı peşəkar kadr ehtiyatının formalaşdırılmasına, milli potensialın qlobal standartlarla uzlaşdırılmasına və Azərbaycanın beynəlxalq peşəkar platformalarda mövqelərinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Dövlət qurumları arasında qurulan effektiv əməkdaşlıq və institusional yanaşma Azərbaycanın rəqəmsal gələcəyinə yönəlmiş strateji prioritetlərin ardıcıl şəkildə həyata keçirilməsini təmin edir.







