Bakı, TurkicWorld
Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi İsrailin xarici işlər naziri Yisrael Katzın sosial media hesabında prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyəni hədəf alan paylaşımına sərt reaksiya verib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XIN açıqlama verib.
Açıqlamada, "Qəzzada 40 minə yaxın fələstinlini qətlə yetirən və hakimiyyətdə qalmaq üçün regional müharibəyə başlamaq istəyən Netanyahu hökumətinin üzvləri , beynəlxalq məhkəmələrdə mühakimə olunacaq və törətdikləri cinayətlərə görə cavab verəcəklər” - bildirilib.
“İsrailin xarici işlər naziri İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətləri bir sıra yalan, böhtan və hörmətsizlik arxasında gizlətməyə çalışır.
Lakin İsrailin ölkəmizi və prezidentimizi hədəf alan çirkin təbliğat fəaliyyəti, psixoloji əməliyyat cəhdləri nəticəsiz qalacaqdır.
Türkiyə Fələstin xalqının ədalət və sülh içində yaşamaq və həqiqəti söyləmək hüququnu müdafiə etməyə davam edəcək” - deyə açıqlamada bildirilir.
AK Partiyasının sözçüsü Ömer Çelik də rəsmi X hesabındakı paylaşımı ilə Türkiyəni hədəf alan İsrailli nazirin paylaşımına reaksiya verib.
Çelik, "Netanyahunun İsraildəki kabineti , 21-ci əsrin soyqırım qətliamı şəbəkəsidir. Bu şəbəkə də bütün soyqırım qətliamları kimi, qırğınları davam etdirmək üçün yalan detektoru kimi fəaliyyət göstərir.
İsrail xarici işlər nazirinin prezidentimizi hədəf alan yalanları tarix boyu görülən digər soyqırım faşistlərinin üsulları ilə eynidir.
Yaxın Şərq və dünya sülhü üçün təhlükə olan bu şəbəkə gec-tez mühakimə olunacaqdır.
Prezidentimizin söylədiyi həqiqətlər bundan sonra da bəşəriyyət üçün dəyərli olacaqdır. İsrail xarici işlər nazirinin prezidentimizlə bağlı yalanları sadəcə olaraq faşistlərin həqiqətə hücumudur” - deyə bildirib.
Qeyd edək ki, İsrailin xarici işlər naziri Yisrael Katz Türkiyə ilə bağlı "İsrailliləri öldürmək üçün HƏMAS terror təşkilatını silah və pulla təmin edir. İsrail Daxili Təhlükəsizlik Xidməti Şin Bet Zeit Universitetinin tələbələri olan HƏMAS terror qruplaşması üzvlərini ələ keçirib. Sözügedən qruplaşmaya Həmas-ın Türkiyədəki qərargahı komandanlıq edirdi. Ələ keçirilən terrorçular əldə etdikləri hərbi təlim, silah və minlərlə dollarla İsraildə terror aktı törətməyi planlaşdırırdılar.
Radikal və antisemitizm ideologiyası naminə Ərdoğan Türkiyəni terroru dəstəkləyən ölkəyə çevirir və İranın rəhbərlik etdiyi şər oxuna yaxınlaşdırır” - ifadələri yer almışdı.