İstanbulda İƏT-in fövqəladə iclası keçiriləcək

İstanbulda İƏT-in fövqəladə iclası keçiriləcək

Bakı. TurkicWorld:

Sabah İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin fövqəladə iclası keçiriləcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, təşkilatın ilk növbədənkənar iclasında əsas gündəm maddəsi Fələstin məsələsidir.

Məlumata əsasən, Türkiyə Kommunikasiyalar İdarəsinin ev sahibliyi etdiyi iclasda İsrailin dünya ictimai rəyinə qarşı dezinformasiya fəaliyyətləri və oktyabrın 7-dən bəri işğal olunmuş Fələstin torpaqlarında jurnalistlərə qarşı hücumları müzakirə olunacaq.

İclasın açılışını Fahrettin Altun və İƏT Baş Katibi Hüseyin İbrahim Taha edəcək.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 29 min 313 fələstinli həlak olub, 69 min 333 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01