Son dəqiqə

Türkiyə Fələstin İsrail Yılmaz Tunc BMT Təhlükəsizlik Şurası

Fələstinli qardaşlarımızın yanında olmağa davam edəcəyik - Yılmaz Tunç

Bakı. TurkicWorld:

Fələstinli qardaşlarımızın yanında olmağa davam edəcəyik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.

"Biz Fələstindəki qırğını pisləyirik. Orada insanlığa qarşı cinayət törədilir, orada hərbi cinayət törədilir. Təəssüflər olsun ki, bu, dünyanın gözü qarşısında həyata keçirilir. Fələstin xalqı illərdir bu qətliamın altında qalıb. Uşaq, qoca, gənc də daxil olmaqla qırğına məruz qalır. Bu hadisələr bütün beynəlxalq təşkilatların gözü qarşısında baş verir. Amma təəssüf ki, beynəlxalq təşkilatlar bəşəriyyətin problemlərinə çarə tapmaqdan uzaqdır. Prezident Rəcəb Tayyib Ərdoğan bunu tez-tez təkrar edərək “Dünya beşdən böyükdür”, “Daha ədalətli dünya mümkündür” deyərkən, bunu boş yerə demir, səbəbləri var deyə deyir",- deyə nazir bildirib.

Tunç qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və onun bağlı olduğu beynəlxalq müqavilələr heç vaxt yerinə yetirilmir, şuraya gətirilən atəşkəs təklifləri ABŞ-ın vetosu ilə rədd edilir. Təhlükəsizlik Şurası bəşəriyyətin sülh və əmin-amanlığı üçün mübarizə aparmaq əvəzinə, atəşkəs təklifini rədd edərək sanki bir "döyüş şurası" kimi davranır.

"Biz deməyə davam edəcəyik ki, oradakı problemin daimi həlli Fələstin xalqı üçün müstəqil dövlət olmalıdır və bu, onların haqqıdır. Paytaxtı Şərqi Qüds olan Fələstin dövləti yaradılmalı və orada iki dövlətli bir quruluş yaradılmalıdır. Əks halda bu problem sonsuza qədər belə davam edəcək və uşaqlar kütləvi şəkildə qırılacaq. Uşaqları qorumaq insanlığın borcudur. Yaşlıları qorumaq insanlığın borcudur. Amma təəssüf ki, xəstəxana bütün dünyanın gözü qarşısında bombalanır və 500-dən çox dinc sakin həlak olur. Bu, həqiqətən də qəbuledilməzdir. Türkiyə olaraq Fələstinli qardaşlarımızın yanında olmağa və bu haqsızlığı bütün dünyaya hayqırmağa davam edəcəyik",- deyə Yılmaz Tunç vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Qəzzadan həyata keçirilən hücumlarda 304-ü əsgər olmaqla 1405 israillinin öldüyü, 3 min 968 israillinin yaralandığı bildirilib.

Xatırladaq ki, 17 oktyabr tarixində İsrail Qəzzada yerləşən xəstəxananı bombalayıb. Hücum zamanı ən az 500 nəfər həyatını itirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər