Son dəqiqə

İtaliya Qəzza və Fələstində sabitləşmə prosesində iştirak edə bilər

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayaninin sözlərinə görə, Qəzza və Fələstində gələcək bərpa və ya keçid mərhələsində iştirak etmək üçün İtaliya tərəfindən hərbi kontingentin cəlb olunması ilə bağlı müraciətlər daxil olur.

TurkicWorld -un məlumatına görə, A.Tayani bu barədə Cibutidə yerləşən İtaliya Hərbi Dəstək Bazasında və “Antonio Marçelya” freqatında italiyalı hərbçilərlə görüşü zamanı açıqlama verib.

Nazir bildirib ki, İtaliya hərbçiləri müxtəlif regionlarda sülhün təmin olunmasında mühüm rol oynayır və onların peşəkarlığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Onun sözlərinə görə, Qəzza və Fələstin üçün mümkün yenidənqurma və keçid mərhələsində də İtaliya hərbi varlığının tələb olunması bunun göstəricisidir.

Tayani qeyd edib ki, İtaliya hərbçiləri Serbiya–Kosovo xətti, Albaniya və Monteneqroda olduğu kimi, müxtəlif bölgələrdə uyğunlaşma qabiliyyəti və əməliyyat imkanları ilə seçilir.

O, İtaliyanın dəniz ticarətinin təxminən 40 faizinin Qırmızı dənizdən keçdiyini bildirərək, Avropa İttifaqının 2024-cü ilin fevralından etibarən bölgədə həyata keçirdiyi “Aspides” missiyası çərçivəsində italiyalı hərbçilərin iştirakı sayəsində ölkəsinin iqtisadi maraqlarının qorunduğunu vurğulayıb.

Sudandakı qeyri-sabitliyə də toxunan A.Tayani, bu ölkədə vəziyyətin pisləşməsinin İtaliya üçün qeyri-qanuni miqrasiya riskləri yaratdığını qeyd edib.