BAKI, TurkicWorld
22 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) Baş katibi Ərgüc Kələntərlini qəbul edib.
Xarici İşlər Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov cari ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası çərçivəsində ilk dəfə olaraq ölkəmizin nümayəndəsi kimi Ərgüc Kələntərlini Təşkilatın Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, bu seçimin Azərbaycanın beynəlxalq nüfuzunun və mülki müdafiə sahəsində artan rolunun göstəricisi olduğunu vurğulayıb.
Görüşdə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təbii və texnogen fəlakətlərə qarşı mübarizə, humanitar yardımlar sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Baş katib görüş zamanı, Təşkilatın fəaliyyəti, prioritet istiqamətləri və planları barədə ətraflı məlumat verib.




