Bakı, TurkicWorld
Altay Cem Meriç — tibb doktoru, yazar, nəşriyyatçı və İslami elmlər, fəlsəfə və sosial elmlər sahəsində analitik məzmun yaradıcısıdır. O, müasir dövrdə inanc, idrak, fəlsəfə və dini düşüncə mövzularını sistemli və elmi əsaslarla izah edən intellektual simalardan biri kimi tanınır.
Həyatı və təhsili
Altay Cem Meriç 1991-ci ildə Ankara şəhərində anadan olub. Ali təhsilini Konya Necmettin Erbakan Universitetinin Tibb Fakültəsində alıb. Universitet təhsilini başa vurduqdan sonra həkimlik fəaliyyətinə başlayıb və hazırda da bu peşəni aktiv şəkildə icra edir.
Gənclik illərində ateist düşüncə mövqeyində olan Meriç, daha sonra yenidən İslam dinini qəbul edib. Bu dönüş onun İslami elmlərə, fəlsəfəyə və sosial elmlərə yönəlməsində əsas mərhələ hesab olunur. Bu prosesdə o, ingilis dili ilə yanaşı ərəb dilini də öyrənmiş, klassik və müasir mənbələr üzərində sistemli araşdırmalara başlamışdır.
Elmi və intellektual fəaliyyəti
Altay Cem Meriç sosial media platformaları, xüsusilə video yayımlar vasitəsilə İslami etiqad məsələləri, ateizm tənqidi, din–elm münasibətləri, fəlsəfi problemlər və müasir insanın inanc böhranı mövzularında analitik çıxışlar edir. Onun təqdimat üslubu akademik ciddiliklə sadə izah metodunun sintezi kimi xarakterizə olunur.
“Niyə Müsəlman Oldum?” mövzusunda hazırladığı silsilə çıxışlar geniş auditoriya tərəfindən maraqla qarşılanmış, onu xüsusilə gənc nəsil arasında tanınan simaya çevirmişdir. Meriç eyni zamanda kitab təhlilləri, mənbə oxunuşları və konseptual müzakirələrlə intellektual yönümlü auditoriyaya müraciət edir.
Yazıçılıq və nəşriyyat fəaliyyəti
Altay Cem Meriçin yazıçılıq fəaliyyətində ən çox diqqət çəkən əsərlərdən biri “Peygamberliğin İspatı” kitabıdır. Bu əsərdə müəllif Hz. Məhəmmədin peyğəmbərliyini rasional və xəbərə əsaslanan dəlillərlə əsaslandırır. Kitab yayımlandığı dövrdə geniş oxucu auditoriyası qazanmış və Türkiyədə ən çox satılan əsərlər sırasında yer almışdır.
O, eyni zamanda Tin Yayınları nəşriyyatının qurucusudur. Bu nəşriyyat vasitəsilə İslam klassikləri, elm, fəlsəfə, tarix və həyat mövzularını əhatə edən bir sıra əsərlərin nəşrinə töhfə vermişdir.
Əsərləri :
Muhtelif 1: İslam'a Yönelik İtirazlar ve Cevaplar
Muhtelif 2: İslam'a İtiraz ve Cevapları
Peygamberliğin İspatı: Haber Delili
Öğrenmeyi Öğrenmek.