Bakı. TurkicWorld:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Direktoru Hans Kluge Qəzzaya səhiyyə yardımında göstərdikləri tərəfdaşlığa görə Türkiyənin səhiyyə naziri Fahrettin Koca və Səhiyyə Nazirliyinə təşəkkürünü bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə Hans Kluge öz rəsmi X sosial media hesabında paylaşım edib.
Kluge onu da vurğulayıb ki, ÜST və onun humanitar tərəfdaşları Qəzzaya təhlükəsiz girişin həyati əhəmiyyət kəsb etdiyi bu dövrdə köməyə ehtiyacı olan xəstələrə və səhiyyə müəssisələrinə lazımi tibbi və digər yardımların çatdırılması üçün çalışırlar.
Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzada Əl-Əhli Ərəb Xəstəxanasına edilən hücumdan sonra Ümumdünya Səhiyyə Təşkilatının yüksək səviyyəli rəhbərləri ilə telefon danışıqları aparıb. O, danışıqlar zamanı Türkiyənin bölgəyə xəstəxana gəmisi göndərməyə və ya Qəzzada və Rəfah Sərhəd Qapısına yaxın nöqtələrdə sahə xəstəxanaları qurmağa, bu vasitə ilə fələstinlilərə sağlamlıq xidməti göstərməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, 17 oktyabr tarixində İsrail Qəzzada yerləşən xəstəxananı bombalayıb. Hücum zamanı ən az 500 nəfər həyatını itirib.
Ləman Əsədli
Twitter: Lamanasadli01